Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Nazim oğlu Paşayev tutduğu vəzifədən azad olunaraq Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Dövlət başçısının digər Sərəncamına əsasən, Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.
Medialive.az-ın məlumatına görə, bir müddətdir ki, Qax və Balakən rayonlardında icra başçısı postları boşdur. Buna səbəb hər iki rayonun icra başçılarının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyatar nəticəsində həbs olunmalarıdır.
Belə ki, 14 il Balakənə rəhbərlik etmiş İslam Rzayev bu ilin oktyabr ayında korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı aparılan araşdırmalar sonrası həbs edilmişdi.
Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev də bu ilin iyun ayında vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya xarakterli cinayətlərdə ittiham olunaraq həbs edilmişdi. Səbail Rayon Məhkəməsinin qərarı ilə Musa Şəkiliyev barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilmişdi.