CANLI
Sağlamlıq

Səhiyyə Nazirliyi: Əhali arasında qarayaranın yayılması müşahidə olunmur

Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir, yeni yoluxma halları qeydə alınmır və xəstəliyin əhali arasında yayılması müşahidə olunmur.

Medialive.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, rayonun Alıuşağı kəndində qarayara ilə bağlı hadisə qeydə alındıqdan dərhal sonra aidiyyəti qurumlar tərəfindən zəruri epidemioloji və profilaktik tədbirlər həyata keçirilib.

Aparılan epidemioloji araşdırmalar zamanı xəstəliklə təmasda olmuş şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə götürülüb və zəruri laborator müayinələr aparılıb. Eyni zamanda hadisənin baş verdiyi təsərrüfatda epidemioloji və epizootoloji araşdırma həyata keçirilib, laborator müayinə məqsədilə müvafiq nümunələr götürülüb.

Aparılan müşahidə və laborator müayinələrin nəticələrinə əsasən avqustun 15-dən etibarən yeni yoluxma halı qeydə alınmayıb.

Məlumata görə, hazırda xəstəlik aşkarlanmış şəxslər tibb müəssisəsində müvafiq müalicə alır, xəstəliklə təmasda olmuş digər şəxslər üzrə isə zəruri tibbi müşahidə və tədbirlər həyata keçirilib. Təmasda olan şəxslər arasında yeni yoluxma halı müəyyən edilməyib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlarla birgə xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində müvafiq profilaktik və əks-epidemik tədbirlər görülüb.

Nazirlik epidemioloji vəziyyətə nəzarəti davam etdirir.

Qeyd edək ki, qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir.