“Sertifikatlaşdırmadan keçən 91 mindən çox müəllimin maaşına əlavə edilib”.
Medialive.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, 2022-2026-cı illərdə sertifikatlaşdırma imtahanlarına cəlb olunmuş 104 435 pedaqoqdan bu prosesi uğurla keçmiş 60 818 müəllimin əməkhaqqısına 10 faiz, yüksək nəticə göstərmiş 30 590 təhsilverənin əməkhaqqısına isə 35 faiz əlavə edilib.
Beləliklə, ümumilikdə 91 408 müəllimin əməkhaqqısı artırılıb.
E.Əmrullayev qeyd edib ki, hər iki cəhddə keçid balını toplaya bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib.
Nazirin təqdim etdiyi statistikaya əsasən, 2022-2026-cı illər üzrə sertifikatlaşdırma imtahanlarının nəticələrinə görə iştirakçıların 58 faizi 30-50 bal toplayaraq uğur qazanıb, 29 faizi 51 və daha yuxarı bal toplayaraq yüksək nəticə göstərib, 9 faizi ikinci cəhddə, 4 faizi isə birinci cəhddə keçid balını toplaya bilməyib.
Qeyd olunub ki, 2026-cı il üzrə 20 229 nəfər hələ müsahibə mərhələsində iştirak edəcək.




















