“Bu, Azərbaycan dövlətinin mövqeyidir. Sülhlə bağlı müəyyən yeni təşəbbüslər edilib. Konkret olaraq iki ölkə arasında uzun müddətdir atəşkəs razılaşması pozulmur. Amma hələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb”.
Bu fikirləri Medialive-yə açıqlamasında siyasi şərhçi Zeynal Əmirəliyev deyib.
O bildirib ki, sülh müqaviləsi imzalanandan sonra qarşılıqlı görüşlərin şahidi ola bilərik:
“Dövlət səviyyəsində bu cür qərar qəbul edilib ki, Prezident bu tədbirdə iştirakı məqbul hesab etmir. Ümid edirik ki, sülh müqaviləsi imzalanandan sonra, müəyyən dərəcədə təmaslar yaranandan sonra dövlət başçıları arasında qarşılıqlı səfərlər olsun. Ancaq bunun üçün hazırlanmalı olan mümkün proseslər var. Yəni bunlar yerinə yetirilməlidir”.
Ekspert dövlət başçılarının qarşılıqlı görüşü üçün riayət edilməli prosesləri sadalayıb:
“Məsələn, Ermənistan Konstitusiyasına dəyişikliklər edilməlidir. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yazılan maddələr dəyişilməlidir. Bu, sülh müqaviləsinin imzalanması istiqamətdindəki əsas maneədir. Ermənistan bu kimi şərtlərə riayət etdikdən sonra artıq sülh müqaviləsi imzalanacaq, müxtəlif tərəfdaşlıq məsələləri öz həllini tapacaq, etimad məsələsi həll olacaq. Hazırkı reallıqda görünür ki, sülh müqaviləsi imzalanmamış dövlət başçılarının görüşü məqsədəuyğun deyil”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı ildə Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak etməyəcəyini bildirib.
Mikayıl Mirzəzadə




















