Xəbər verdiyimiz kimi, sosial şəbəkədə Sumqayıtda qanunsuz küçə ticarəti adı ilə aparılan reyd zamanı meyvə satan sahibkara qarşı məmur davranışı geniş müzakirələrə səbəb olub.
Görüntülərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi olduğu iddia edilən şəxs sahibkara küçə ticarəti ilə məşğul olmağın qanunsuz olduğunu bildirərək, ona məxsus meyvələrin avtomobilə yığılmasını tələb edir.
Bu hal ictimaiyyət tərəfindən sahibkarın əmlakının faktiki olaraq müsadirə edilməsi kimi qiymətləndirilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, icra hakimiyyəti tərəfindən müəyyən edilməmiş yerlərdə malların satışına görə fiziki şəxslər 80 manatadək cərimə edilə bilər. Lakin qanunvericilikdə bu cür hallarda məhsulun məhkəmə qərarı olmadan müsadirəsi nəzərdə tutulmur.
Bəs sahibkarın əmlakını yığdıran məmur kimdir?
Medialive.az-ın əldə etdiyi məlumata görə, görüntülərdə əks olunan şəxs Samir Ənvər oğlu Bədəlovdur.
Açıq mənbələrdə o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Aparatında “İstehsal və xidmət sahələri sektoru” üzrə baş məsləhətçi kimi qeyd olunur.
Eyni mənbələrdə bildirilir ki, Samir Bədəlov 2019-cu ildə Corat qəsəbəsi üzrə sahə inzibati dairəsi nümayəndəliyində müvəqqəti icra nümayəndəsi vəzifəsini də icra edib.
Hazırda açıq ictimai resurslarda onun fəaliyyəti ilə bağlı daha geniş və ətraflı bioqrafik məlumat mövcud deyil.
Keçirilən reydlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Medialive.az-a bildirilib ki, həyata keçirilən növbəti reyd tədbiri zamanı vətəndaşa məxsus küçə ticarəti yolu ilə satılan məhsullar 18-ci mikrorayon ərazisində yerləşən yarmarkada xüsusi ayrılmış ticarət yerinə aparılıb və həmin məhsulların orada satışının davam etdirilməsi tövsiyə olunub:
“Qabaqlayıcı tədbirlərin əsas məqsədi piyadaların sərbəst hərəkətinin təmin edilməsi, sanitariya-gigiyena normalarına riayət olunması və şəhər ərazisində qanunvericiliyin tələblərinə uyğun ticarət mühitinin formalaşdırılmasıdır. Məlumat üçün bildiririk ki, reyd tədbirləri zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib, yalnız onların satışının müvafiq qaydalara uyğun şəkildə davam etdirilməsi təmin olunub”.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir.




















