CANLI
Sosial

Təhsil Şurası bəyanat yaydı

Təhsil Şurası İctimai Birliyi ölkədə sabitliyi, tolerantlıq mühitini və milli-mənəvi dəyərləri hədəf alan, “hicab” mövzusunun manipulyasiya edilərək ictimai-siyasi gərginlik yaratmaq məqsədilə istifadəsinə yönəlmiş cəhdlərdən narahatlığını ifadə edib.

Medialive.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Azərbaycan konstitusion prinsiplərə əsaslanan, dünyəvi və sivil dövlətdir: “Ölkəmizdə vicdan və din azadlığı qanunla təmin olunur, müxtəlif dini inanclara malik vətəndaşların dinc yanaşı yaşaması üçün tolerantlıq mühiti mövcuddur”.

Vurğulanıb ki, dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət edən gündəmləri ölkəyə yönəltmək cəhdləri yolverilməzdir.

Bildirilib ki, xarici maliyyə resursları və layihələr vasitəsilə ölkədə süni gərginlik yaratmağa, ictimai sabitliyi və asayişi pozmağa yönəlmiş təşəbbüslər xalqın həmrəyliyi, dövlətin qətiyyəti və cəmiyyətin ayıq-sayıqlığı qarşısında uğursuzluğa məhkumdur.

Təhsil Şurasının bəyanatında vurğulanıb ki, Azərbaycan təhsili milli və dünyəvi dəyərlər əsasında formalaşıb. Məktəb və universitetlər siyasi intriqaların, xarici təsirlərin və radikal çağırışların meydanına çevrilməməlidir. Qurum dinin siyasiləşdirilməsinə və dövlətin təməl prinsiplərinə qarşı yönəldilməsinə də etirazını bildirib.

Təhsil Şurası İctimai Birliyi xarici investorları və onların yerli tərəfdaşlarını Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə, cəmiyyətin həssas mövzularından istifadə etməklə sabitliyə təhlükə yarada biləcək addımlardan çəkinməyə çağırıb.

Eyni zamanda, müəllimlərə, ziyalılara, tələbələrə və valideynlərə bu kimi hallara qarşı diqqətli olmaq, milli həmrəyliyi və dövlətçilik maraqlarını qorumaq çağırışı edilib.

Bəyanatda qeyd olunub ki, Azərbaycanın gələcəyi xarici dairələrin planlarından deyil, müstəqil dövlətin tərəqqisindən, gənclərin elmi və intellektual inkişafından asılıdır.