Son zamanlar sosial şəbəkələrdə, xüsusilə TikTok və Instagram-da yaydıqları əyləncəli videolar, fərqli kampaniyalar və geniş kütlənin rəğbətini qazanan paylaşımlarla gündəmdən düşməyən gənc iş adamı İlyas Möhnətovun biznesinə qarşı ard-arda ağır zərbələr dəyir.
Sosial şəbəkələrdə milyonlarla izləyici toplayan məşhur iş adamının fəaliyyət göstərdiyi obyektlərin bir-birinin ardınca qapılarını bağlaması böyük rezonans doğurub.
Medialive.az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olan son məlumatlara görə, İlyas Möhnətova aid olan və şəhərin mərkəzində yerləşən qadın paltarları mağazası da fəaliyyətini dayandıraraq qapılarını bağlayıb.
Bununla yanaşı, hər zaman şən və pozitiv abu-havası ilə seçilən, sevilib-seçilən “İlyasın kafesi” də eyni aqibətlə üzləşib. Yayılmış videoda İlyas öz komanda üzvləri ilə birlikdə kafenin qapısı önündə kədərli şəkildə dayanaraq izləyicilərinə obyektin bağlandığını elan edib və “Kafemiz bağlandı… İnşallah avqust ayında hər şey gözəl olacaq. Elə bilməyin ki, belə qalacaq” – ifadələri ilə ümidli mesaj verib.
