TikTok ABŞ-dəki əməliyyatlarını Oracle, Silver Lake və MGX tərəfindən idarə olunan müəssisəyə satmaq üçün müqavilə imzalayıb.
Medialive xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Müqavilənin gələn ilin 22 fevralında bağlanması planlaşdırılır.
Sazişin başa çatmasından sonra, TikTok-un ABŞ əməliyyatları amerikalıların məlumatlarının qorunması və ABŞ-nin milli təhlükəsizliyi prinsiplərinə uyğun olaraq həyata keçiriləcək.
Xüsusilə, ABŞ istifadəçi məlumatları Oracle-ın nəzarəti altında yerli olaraq saxlanılacaq.
Son bir neçə ildir ki, ABŞ hakimiyyəti Çinin ByteDance şirkətinə məxsus olan TikTok üzərində nəzarəti ələ keçirməyə çalışır. Xüsusilə, Donald Tramp prezidentliyinin ilk dövründə TikTok-u ABŞ-da qadağan etməyə cəhd edib və onun varisi Co Bayden də platformanın sahibi Çinin ByteDance şirkəti öz payını satmadığı təqdirdə qadağan edən qanun qəbul edib.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında Ağ Evə qayıdan Tramp Çin hökuməti ilə TikTok razılaşması barədə razılığa gəlib.




















