Tramp Çin prezidenti Si Cinpindən Honkonq media maqnatı Cimmi Layı əfv etməyi xahiş edib.
Medialive xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Mən bu barədə sədr Si ilə danışdım və ondan azadlığa buraxılma ehtimalını nəzərdən keçirməsini xahiş etdim. O, yaşlı bir kişidir və yaxşı deyil. Buna görə də bunu etdim. Görək bundan sonra nə olacaq”, – deyə Amerika lideri bildirib.
Qeyd edək ki, dekabrın 15-də Honkonq məhkəməsi 78 yaşlı Cimmi Layı milli təhlükəsizlik işində bütün ittihamlar üzrə təqsirli bilib. Hazırda fəaliyyəti dayandırılmış Apple Daily qəzetinin təsisçisi 2019-cu ilin yayında Honkonqda baş verən hökumət əleyhinə nümayişlərin əsas təşkilatçılarından biri hesab olunur.
Prokurorluq iddia edib ki, iş adamı etiraz aksiyalarını maliyyələşdirib.
ABŞ siyasi elitası ilə əlaqələrini qoruyub saxlayıb və Honkonq və Çinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. O, 2020-ci ilin yayında qəbul edilmiş milli təhlükəsizlik qanununa əsasən ömürlük həbs cəzası ilə üzləşir. Məhkəmə əvvəllər Cimmi Layı fırıldaqçılıq və sahib olduğu müxalifət qəzetinin qərargahının icarə müqaviləsini pozmaqla bağlı ayrı bir iş üzrə beş il doqquz ay müddətinə azadlıqdan məhrum etmişdi.




















