Ukrayna BMT-nin Təhlükəsizlik Şurasının iclasında ABŞ-nin Rusiya ilə məsləhətləşərək hazırladığı sülh planını tənqid edib.
Medialive xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsinin müavini Kristyna Qayovişin danışıb.
“Biz Rusiyanın müvəqqəti işğal etdiyi Ukrayna ərazisini nə rəsmi, nə də başqa şəkildə tanımayacağıq. Bizim torpaqlarımız satılmır”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, ölkənin müdafiəsinin gücləndirilməsini eskalasiya adlandırmaq olmaz – bu, Rusiyanı sülh axtarmağa məcbur etməyin yeganə yoludur, əks halda Kreml müharibəni başqa ərazilərə ixrac etməyə başlayacaq,.
“Biz Rusiya təcavüzünün əsasını təşkil edən və kimliyimizi, xüsusən də dilimizi sarsıdan soyqırım niyyətini mükafatlandırmayacağıq. Əgər Rusiya son nəticədə cavabdehlik daşımasa, tarix amansız hakim olacaq”, – o, xəbərdarlıq edib.
Qayovişin əlavə edib ki, Kiyev Rusiya ilə konstruktiv danışıqlara hazırdır.
Qeyd edək ki, Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff tərəfindən Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin iştirakı ilə hazırlanmış ABŞ-nin 28 bəndlik yeni planı Krımın və Donbasın Rusiyanın nəzarətinə verilməsini, Ukrayna Silahlı Qüvvələrinin ixtisarını, Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsini və xarici qüvvələrin onun ərazisinə yerləşdirilməsinə qadağa qoyulmasını nəzərdə tutub.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın çevrəsində korrupsiya qalmaqalı fonunda belə təkliflərin ortaya çıxması Moskvanın vəziyyətdən sui-istifadə etmək cəhdini göstərir.
Qeyd edək ki, Zelenski də müharibəyə son qoymaq üçün sənədin müddəalarını müzakirə etməyə razılaşıb.




















