Türkiyənin Trabzon vilayətinin Arsin rayonunda pilotsuz təyyarə birbaşa polis qərargahının ərazisinə düşüb.
Medialive.az xəbər verir ki, məlumatı Trabzon meri Əhməd Metin Gənc açıqlayıb.
Merin sözlərinə görə, Trabzon vilayətinin polis idarələrindən birinin ərazisində qeyri-adi hadisə baş verib – mənşəyi məlum olmayan pilotsuz təyyarə oraya düşüb.
Yerli hakimiyyət orqanları artıq tələfat və xəsarət alanların olmadığını təsdiqləyiblər. Hüquq-mühafizə orqanları situasiyaya operativ reaksiya verib və hadisə yerində nəzarəti gücləndirib və müstəntiqlər iki əsas sualı – dronun məhz haradan uçduğunu və onun düşməsinə nəyin səbəb olduğunu aydınlaşdırmağa çalışırlar.
Hələlik heç bir versiya rəsmi olaraq açıqlanmayıb.
Türkiyədə mənşəyi məlum olmayan dronların aşkarlanması ilk dəfə deyil. İyun ayında Türkiyə çimərliyində dron qalıqları aşkarlanıb və ekspertiza üçün Ankaraya göndərilib.
2026-cı ilin fevralında Türkiyə Müdafiə Nazirliyi, ilkin məlumatlara görə, Rusiyaya məxsus pilotsuz təyyarənin aşkarlandığını təsdiqləmişdi./musavat
