Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 80 ünvanında yerləşən inzibati binası əsaslı təmir ediləcək.
Medialive.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına əsasən, DSMF bununla bağlı tenderə yekun vurub.
Tenderin qalibi “TVM İnşaat” MMC seçilib.
Təmir işlərinə görə şirkətə 3 769 403,35 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, 25 iyul 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.
“TVM İnşaat” MMC tikinti sektorunda fəaliyyət göstərən iri şirkətlərdən biridir. Bununla belə, şirkətlə bağlı müəyyən suallar doğuracaq məqamlar da var.
Məsələn, ötən ilin sentyabrında mediada Ağdam rayonunun Xıdırlı kəndində tikilən evləri su basdığı barədə məlumat yer almışdı. Həmin məlumatda “TVM İnşaat” MMC-nin adı keçir. Məlum olur ki, Xıdırlı kəndində adi bir yağışdan istinad divarları uçan və su basan evləri “TVM inşaat” MMC tikib.
Şirkət bu iddiaları təkzib etməyib. Hər halda açıq mənbələrdə bununla bağlı heç bir qeydə rast gəlinmir.
Bundan başqa, “TVM İnşaat” MMC vergi borcu olduğu halda satınalma müsabiqəsində qalib elan edilib. Bu fakt da bir neçə ilə aiddir. Dövlət satınalmaları haqqında Qanuna görə vergi borcu olan şirkətlər tenderdə iştirak edə bilməz. Lakin nədənsə bu, “TVM İnşaat” MMC-yə aid edilməyib.
“TVM İnşaat” MMC ötən il 3 tenderin qalibi seçilib. Ədliyyə və Fövqəladə Hallar nazirlikləri tərəfindən keçirilən tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 4 847 512,99 manatdır.
Sfera.az-ın araşdırmasına əsasən, “TVM İnşaat” MMC-nin uğursuz fəaliyyəti silsilə şəkildə davam edib, amma…
Qeyd edək ki, adıçəkilən şirkətlə Ağdam, Füzuli, Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs arasında 8 oktyabr 2024-cü ilin yanvarında Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması prosesi həyata keçirilib. Razılaşmaya əsasən, Publiki Hüquqi şəxs “TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyib. Yerli sakinlərin sosial şəbəkələrdə paylaşımlarına görə, “TVM İnşaat” böyük məbləğdə vəsait əldə etməsinə baxmayaraq dövlət sifarişini nəzərdə tutulan keyfiyyətdə icra etməyib. İndi məlum olur ki, sözügedən şirkətin vəziyyəti heç də yaxşı deyil, onun maliyyə vəziyyəti müflis olmaq həddinə qədər pisləşib. Yayılan məlumatlara əsasən, “TVM İnşaat” MMC və “İnnova İnşaat” MMC şirkətlərinin faktiki sahibi eyni adamdır.
Bir zamanların tender kralı kimi tanınan TVM və İnnova şirkəti öz subpodratçılarına olan 100 milyon manatdan çox borcu da ödəmir. Subpodratçılar bu barədə media strukturlarına yolladıqları müraciətdə bildirir. Həm tikinti bazarları, həm dövlət vergi xidməti, həm də banklara külli miqdarda borcu olan bu şirkət vəziyyətdən çıxmaq üçün yeni avantüraya əl atır. Belə ki, bütün dövlət tenderlərinə dəyərindən çox aşağı, qeyri-real qiymət verərək daxil olur, özünün müxtəlif strukturlarda əlbir olduğu adamlar vasitəsilə tender müqavilələrin imzalanmasına nail olur, daha sonra isə illərlə başladığı işləri yerinə yetirə bilmədiyi üçün bitməyən mübahisələrə qərq olur. Görünən budur ki, görünməyən əllərin himayə etdiyi bu şirkət dövlətin yüz milyonlarla manat vəsaitini hal-hazırda ciddi risklərə məruz qoyub.
Araşdırmamız göstərir ki, şirkət hal-hazırda aşağıdakı işləri tamamlaya bilmədiyi üçün böyük qalmaqallar yaşamaqdadır:
1. Laçında otel kompleksi
2. Göygöldə otel kompleksi
3. Gömrük hospital
4. Ağdamın Xıdırlı kəndi
5. Ağdam şəhərində yaşayış binaları
6. Xankəndidə otel
7. Xəzər Dəniz Gəmiçilik İdarəsinin xəstəxanası
8. Penitensiar müəssisələr
9. Füzuli rayonu Dövlətyarlı kəndi
10. DSMF binaları

Dövlət qurumu rəhbərinə verilən şiddət – sənədlərdə adlar dəyişir, ünvan yox…
Bu şirkətlərin yarıtmaz fəaliyyətinə görə bu yaxınlarda adıçəkilən şirkətə sifarişlər verən dövlət qurumu rəhbərlərindən birinə şiddətli töhmət verildiyi bildirilir. Arayış üçün qeyd edək ki, rəsmi adı “TVM İnşaat” MMC olan şirkət 2016-cı ildə təsis olunub. Şirkətin VÖEN-i 1101408601-dir. 2018-ci ilə qədər şirkətin qanuni təmsilçisi Nadirov Tofiq Həmid oğlu olub. Qeyd edilən tarixdən isə sənədlərdə dəyişiklik edilib və qanuni təmsilçi Ağayev Musa Nizaməddin oğlu kimi qeydiyyata alınıb. Qanuni təmsilçinin dəyişməsinə baxmayaraq şirkətin hüquqi ünvanı əvvəl olduğu kimi qalıb: AZ1155, BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, MÜŞFİQABAD ŞTQ, MÜŞFİQABAD QƏSƏBƏSİ, ev 3D, mənzil 8.
Etender.gov.az saytında yerləşdirilən məlumata əsasən, 2020-2026-cı illərdə tamamlanmış tenderlər üzrə “TVM İnşaat” MMC səkkiz müsabiqənin qalibi olub. Şirkət bu müsabiqələrdə 136,5 milyon manat dəyərində tender qazanıb. Bu tenderlər arasında ən bahalısı Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması olub. Bu satınalma 2024-cü ildə bağlanıb və dəyəri 97 milyon 212 min manat təşkil edib. 2024-cü ildə Ədliyyə Nazirliyi ilə bağlanan satınalma müqaviləsinin də dəyəri böyükdür. Şirkət Bakı Ağır Cinayətlər Məhkəmə kompleksinin tikintisi üçün 25,8 milyon manat alıb.

“İnnova İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2019-cu ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur. Hüquqi ünvanı: AZ3000, İMİŞLİ RAYONU, QARALAR Etender.gov.az saytınında yerləşdirilən məlumata əsasən şirkət 2025-ci ildə 3 müsabiqə üzrə tenderin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 17 milyon 355 min manat təşkil edib. Ən bahalı müsabiqə 13,4 milyon manat dəyəri olan “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-123 üzrə binaların tikintisi işləri”nin satın alınması müsabiqəsidir.





















