Bir vaxtlar Ukrayna mövzusu Qərb paytaxtlarında demək olar ki, mübahisəsiz qəbul edilirdi. “Ukraynanı nə bahasına olursa-olsun dəstəkləməliyik” fikri həm siyasətçilərin, həm də media gündəminin mərkəzində idi. Amma zaman keçdikcə bu yanaşma dəyişməyə başladı. Bu gün Qərbdə Ukrayna ilə bağlı suallar cavablardan daha çoxdur.
İlk diqqətçəkən məsələ dondurulmuş Rusiya aktivləridir. Qərb ölkələri Rusiyaya məxsus milyardlarla dolları dondurub, amma indi nə edəcəklərini bilmirlər. Bir tərəf deyir ki, bu pullar Ukraynaya verilməlidir. Digər tərəf isə ehtiyat edir Sabah isə bu anlaşılmazlıq Qərbin başına problem aça bilər. Çünki bu gün Rusiyanın pulu müsadirə olunursa, sabah başqa ölkələr də eyni aqibətlə üzləşə bilərlər. Ona görə də məsələ təkcə Ukraynadan yox, gələcəkdə təhlükəli bir yolun açılmasından gedir.
İkinci mühüm məqam Qərbin Ukraynaya yardım həvəsinin azalmasıdır. Müharibə uzandıqca Qərb cəmiyyətlərində yorğunluq yaranıb. ABŞ-də seçkilər, Avropada bahalaşma, enerji qiymətləri, sosial problemlər gündəmi zəbt edib. Sadə vətəndaş üçün sual getdikcə daha da sərt səslənir: “Biz niyə başqa bir ölkənin müharibəsinə bu qədər pul xərcləməliyik?”
Üstəlik, Ukraynadan gözlənilən nəticələr də əldə olunmadı. Bu isə Qərb siyasətçilərini düşünməyə məcbur edir. Bu müharibə nə qədər davam edəcək və sonu varmı? Avropa İttifaqı daxilində Ukraynaya kredit ayrılması məsələsi də vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir. Bəzi ölkələr bu kreditlərə qarşı çıxır. Səbəb sadədir. Bu pullar geri qayıtmasa, yük Avropa vergi ödəyicilərinin üzərinə düşəcək. Müharibə şəraitində olan ölkənin borcu qaytara biləcəyinə inam isə elə də güclü deyil.
Digər Avropa dövlətləri isə hesab edir ki, Ukraynaya maliyyə dəstəyinin azalması Rusiyaya “Qərb geri çəkilir” mesajı verir. Nəticədə Avropa daxilində birlik görüntüsü zəifləyir, hər kəs öz marağını ön plana çıxarır. Bütün bunlar onu göstərir ki, Qərbin Ukrayna siyasəti artıq duyğular üzərində yox, hesab-kitabla qurulur. Bu, siyasətin təbiətidir. Amma reallıq da budur ki, Ukrayna üçün vaxt keçdikcə seçimlər azalır. Qərb üçün isə əsas sual dəyişməz qalır: Ukraynanı sona qədər dəstəkləmək, yoxsa öz problemlərinə fokuslanmaq?
Görünən odur ki, bu sualın cavabı artıq əvvəlki kimi birmənalı deyil.
Mikayıl Mirzəzadə, Medialive.az xəbər portalının rəhbəri




















