Rusiya Dövlət Dumasının deputatları azyaşlıları təxribat fəaliyyətinə cəlb etməyə görə ömürlük həbs cəzasını nəzərdə tutan qanun layihəsi hazırlayıblar.
Medialive Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Dumasının sədr müavini İrina Yarovaya məlumat verib.
“Biz təxribatçı qrupların təşkilatçılarına sırf azyaşlıları bu təhlükəli cinayət əməlinə cəlb etmə faktına görə ömürlük həbs cəzası təyin edirik”, – deyə deputat bildirib.
Parlament palatası sədrinin müavini əlavə edib ki, Dövlət Dumasının deputatları təxribata qarşı mübarizəyə dair qanun layihəsi hazırlayıblar ki, bu da digər məsələlərlə yanaşı, təxribatla bağlı cinayətlərə görə məhdudiyyət müddətinin aradan qaldırılmasını təklif edir.
Yarovaya qeyd edib ki, təxribatla bağlı bütün cinayətlər üzrə məhdudiyyət müddəti ləğv edilir ki, bu da ən əsası belə təhlükəli cinayətlərə görə cəzanın qaçılmazlığı deməkdir.
Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi 419 deputatdan ibarət qrup müvafiq qanun layihəsini parlamentin palatasına təqdim edib. Sənəd Dumanın elektron məlumat bazasında yerləşdirilib.
“Bu qanunvericilik təşəbbüsü Dövlət Dumasının bütün fraksiyaları tərəfindən dəstəkləndi. Dövlət Dumasının 419 deputatı bu gün bu qanunvericilik təşəbbüsünü Dövlət Dumasının sədri və bütün fraksiyaların rəhbərləri ilə təqdim edir”, – spiker müavini bildirib.




















