ABŞ Prezidenti Donald Tramp Ukraynada prezident seçkilərinin vaxtının çatdığını bildirib.
Medialive xəbər verir ki, Tramp bu fikri “Politico”nun sualını cavablandırarkən deyib.
“Düşünürəm ki, artıq vaxtdır. Məncə, seçkilərin keçirilməsinin vacib vaxtıdır. Onlar seçkilərdən yayınmaq üçün müharibədən istifadə edirlər, amma məncə, Ukrayna xalqının seçimi olmalıdır. Bəlkə də Zelenski qalib gələcək”, – deyə o bildirib.
Tramp qeyd edib ki, Ukraynada uzun müddətdir prezident seçkiləri olmayıb.
“Bilirsiniz, onlar demokratiyadan danışırlar, amma iş o yerə çatır ki, bu artıq demokratiya deyil”, – o əlavə edib.
Ukrayna qanunlarına görə, hərbi vəziyyət dövründə seçkilər, o cümlədən prezident və parlament seçkiləri dayandırılır. Rusiyanın işğalından sonra 2022-ci ilin fevralında Ukraynada hərbi vəziyyət elan edilib. Mütəmadi olaraq uzadılır. Hərbi vəziyyət səbəbindən 2023-cü ilin oktyabrına təyin edilmiş Ali Rada seçkiləri və 2024-cü ilin martında dinc dövrdə keçirilməli olan prezident seçkiləri keçirilmədi. Seçkilər keçirilmədiyi üçün Rusiya hakimiyyəti Zelenskinin qanunsuz olması arqumentindən istifadə edir.
Trampın prezident seçkilərində qələbə çalmasından və Ağ Evə qayıtmasından sonra Ukraynada seçkilərin yaxın gələcəkdə keçirilə biləcəyi ilə bağlı dəfələrlə xəbərlər yayılsa da, bunlar hələ təsdiqini tapmayıb.
Qeyd edək ki, 2025-ci ilin fevralında Tramp artıq Ukraynada prezident seçkiləri keçirməyə çağırıb.
Zelenski isə cavabında “Əgər kimsə məni əvəz etmək istəyirsə, bu, indi baş tutmayacaq” – deyə fikir bildirib.




















