Litvada Belarusdan havaya buraxıldığı güman edilən şarlarla bağlı fövqəladə vəziyyət elan edilib.
Medialive xəbər verir ki, dekabrın 9-da hökumətin iclasında elan edilən fövqəladə vəziyyət bütün ölkəyə şamil ediləcək.
Bununla belə, hökumət bunun sakinlərə heç bir narahatlıq yaratmayacağını, əksinə təhlükəsizliyin təmin edilməsi üçün personalın və resursların daha səmərəli yerləşdirilməsinə imkan verəcəyini vurğulayıb.
Fövqəladə vəziyyət rejiminə əsasən, hərbçilərin sənəd və nəqliyyat vasitələrinin yoxlanılmasına cəlb edilməsi, müəyyən əraziyə girişin məhdudlaşdırılması və ya nəqliyyat vasitələrinin hərəkətinə qadağaların təşkili təklif edilib.
Hökumət bütün ölkə üzrə fövqəladə vəziyyət elan etmək qərarını onunla izah edib ki, qeyri-qanuni fəaliyyətin təşkilatçıları dövlətin gördüyü tədbirlərə uyğunlaşırlar və fövqəladə vəziyyət müəyyən ərazi ilə məhdudlaşarsa, əməliyyatlarını başqa yerə köçürə bilərlər.
Litva dəfələrlə səmasında qaçaqmal yüklü şarların olduğunu bildirərək, onların Belarusdan buraxıldığını və qonşu ölkənin hakimiyyət orqanlarının heç olmasa onların qarşısını almaq üçün heç nə etmədiyini bildirib. Hava şarları Litva hava limanlarını fəaliyyətini dayandırmağa da məcbur edib.
Qeyd edək ki, Litva oktyabrda Belarusla quru sərhədini bağlayıb.
Medininkay və Şalçininkay sərhəd keçidlərinin bağlanması səbəbindən Litvadan gələn mindən çox yük maşını Belarusda qalıb. Qaçaqmal şarlarına görə tətbiq edilən bu tədbirin noyabrın 30-dək qüvvədə qalacağı gözlənilib, lakin sərhəd keçid məntəqələri daha tez açılıb.




















