Azadlıq metrosundan hərəkətə başlayaraq, Fatmayı-Görədil bağları istiqamətində hərəkət edən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus 108A nömrəli şəhərətrafı müntəzəm marşrut xətti sərnişinləri sonuncu dayanacağa çatdırmır.
Bu barədə Medialive.az-a məlumat daxil olub.
Bildirilib ki, həmin ərazidə bir sıra yaşlı və xəstə insanlar yaşayır. Onlar avtobus sürücülərinin özbaşınalığından hər gün yoxuşu qalxıb, yenidən enmək məcburiyyətində qalırlar.
Avtobus isə yoxuşda saxlayır və aşağı istiqamətə hərəkət etmir. Mövcud hava şəraitində həmin sakinlər onlarla məsafəni piyada qət etməli olurlar.
Eyni zamanda, qış fəslini, yaşlı və azyaşlı sakinlərin vəziyyətini nəzərə alaraq, bu cür özbaşınalığa yolvermək birmənalı qarşılanmır.
Yaranmış xoşagəlməz halla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik.
Sorğumuza cavab olaraq bildirildi ki, qeyd edilən vəziyyətlə əlaqədar monitorinq həyata keçiriləcək:
“108A nömrəli marşrutun sonuncu dayanacağı dəmir yolunu keçdikdən sonrakı ərazidir. Hər hansı sürücünün qeyd edilən dayanacaqda saxlamaması məsələsi ilə bağlı monitorinq həyata keçiriləcək. Daşıyıcıya xəttin nizamlı fəaliyyətinin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi bağlı xəbərdarlıq edilib”.




















