“Bugünkü qalib Azərbaycan Prezident İlham Əliyevin əsəridir. Onun qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan öz dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoyub”.
Bu fikirləri Medialive.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, dövlətçilik tarixində çox az lider var ki, öz xalqına böyük miqyasda xidmət etməyi bacarıb:
“Bu mərhələ inkişafla, qalibiyyətlə, quruculuqla, Qarabağa qayıdışla əsaslanır. Azərbaycan Prezidenti bu gün özü üçün əlamətdar olan bir gündə Qarabağdadır, Kərkicahandadır, Ballıcadadır, Şuşadadır, Xocalıdadır. Bu, o deməkdir ki, Azərbaycan Prezidentinin doğum günü olan gün Kərkicahanın yenidən doğulması günüdür. Kərkicahanlıların öz yurd-yuvalarına qayıtmasının başladığı yeni həyatın doğum günüdür. Qarabağda inşa edilən, xalqımıza gələcəkdə xidmət göstərəcək tarixi yerlərin doğum günüdür. Ona görə də bu əlamətdar gündə dünyanın müxtəlif ölkələrindən Azərbaycan Prezidentinə səmimi təbrik məktubları gəlirsə, bu, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Bütün bunlar dövlətimizi, xalqımızı güclü və qüdrətli edir”.
Mikayıl Mirzəzadə




















