Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayaraq Vaşinqtonu sülhə və əməkdaşlığa çağırıb.
Medialive xəbər verir ki, onun sözlərinə görə, Venesuela sülhə və dinc birgəyaşayışa sadiqliyini bir daha təsdiqləyir, ABŞ və region ölkələri ilə suveren bərabərliyə və müdaxilə etməməyə əsaslanan balanslı və hörmətli beynəlxalq münasibətlər qurmağı prioritet hesab edir.
Rodriges açıqlamasında bildirib ki, xalqımız və bölgəmiz müharibəyə yox, sülhə və dialoqa layiqdir. Bu, həmişə Nikolas Maduronun mövqeyi olub və bu anda bütün Venesuelanın mövqeyidir. Bu, mənim inandığım, həyatımı həsr etdiyim Venesueladır. Venesuelanın sülhə, inkişafa, suverenliyə və gələcəyə haqqı var.
Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Rodriges ABŞ-yə ölkənin resurslarına tam giriş verməlidir.
Qeyd edək ki, yanvarın 4-də Tramp “The Atlantic” qəzetinə verdiyi müsahibədə Delsi Rodrigezin ABŞ ilə əməkdaşlıq etməkdən imtina edəcəyi təqdirdə çox yüksək bədəl ödəyəcəyini bildirib.
Onu da qeyd edək ki, yanvarın 3-də Venesuela Ali Məhkəməsi vitse-prezident Delsi Rodrigezi müvəqqəti dövlət başçısı təyin edib.




















