Azərbaycanda yeni ildən ölkədə intensiv qiymət artımı heç də vətəndaşlar tərəfindən xoş qarşılanmayıb.
Onlar qiymət artımının doğru hal olmadığını hesab edirlər.
Vətəndaşlar düşünür ki, ölkədə hər bir məhsulun, xidmətin, qeyri-məhsulların belə qiyməti artan zaman bu artım vətəndaşın cibinə uyğun tənzimlənməlidir.
Həmçinin benzinin və dizelin də qiymətlərinin artması nəqliyyat şirkətləri, sürücülər və avtomobil idxalçıları tərəfindən birmənalı qarşılanmayıb.
Bəs, bütün bunların fonunda əməkhaqqılar niyə artmır?
Pensiya və müavinətlər niyə əhalinin yaşayış səviyyəsini ölçərək artırılmır?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kazımlı Medialive.az-a açıqlama verib.
O bildirib ki, pensiyalar yanvardan etibarən 9.2-9.3 faiz artıb, lakin müavinətlərin artması nəzərdə tutulmayıb:
“Pensiyalar yanvarın 1-dən etibarən təqribən 9.2-9.3 faiz artırılıb. Müavinətlər ötən ilin ortasında hökumət tərəfindən 10-15 faiz artırılıb. Bu il yenidən artırılması büdcədə nəzərdə tutulmayıb. Ötən il də 5.5-5.7 faiz arası inflyasiya olub. Çünki bu tam dəqiq məlumat deyil. Azərbaycanda 2026-cı ildə də 5.7 faiz inflyasiya gözlənilir. Ərzaq qiymətləri də daha çox bahalaşıb. İnflyasiya yüksək olsa da, ərzaq məhsulları 7 faiz artıb. Yəni çox bahalaşıb”.
İqtisadçı qeyd edib ki, əməkhaqlarının artmamasının səbəbi dövlətin imkanlarının olmamasıdır:
“Əməkhaqlarına gəldikdə isə, görünür, dövlətin imkanı yoxdur ki, bu ödənişlər də hər il artırılsın. Bu il nə minimum əməkhaqqı, nə də minimum pensiya artacaq. Çünki büdcə qanunu təsdiqlənəndə bunlar oraya salınmayıb. Özəl sektorda çalışanlar isə öz imkanları, əmək bazarına uyğun əməkhaqqı alır. Burada qiyməti artıran hökumətdir, Tarif Şurasıdır. Özəl sektorun qiymətlərin artmasında heç bir günahı yoxdur. Sadəcə onlar imkanları çərçivəsində mövcud vəziyyətə adaptasiya olmağa çalışırlar. Bu da əlbəttə ki, əmək bazarından asılı olacaq”.
Mikayıl Mirzəzadə




















