Yəməndə fəaliyyət göstərən separatçı Cənub Keçid Şurası fəaliyyətini dayandırıb.
Medialive.az bir müddətdir separatçı mövqe sərgiləyən həmin şura haqqında bəzi məlumatlar əldə edib.
Belə ki, Yəməndə fəaliyyət göstərən separatçı Cənub Keçid Şurası ölkənin cənub bölgələrində siyasi və hərbi təsiri yaratmaq üçün 2017-ci ildə yaradılıb.
Əsl məqsədi 1990-cı ilə qədər mövcud olmuş Cənubi Yəmən dövlətinin yenidən müstəqil elan edilməsi olub.
Şura Ədən şəhəri başda olmaqla Lahic, Dali, Əbyən və digər cənub vilayətlərində güclü mövqelərə malik olub.
Şuranın tərkibində xeyli silahlı dəstələr iştirak edib.
Separatçı qurum beynəlxalq səviyyədə tanınmış Yəmən hökuməti ilə uzun müddətdir gərgin münasibətlər yaşayır. 2019–2020-ci illərdə tərəflər arasında bir neçə dəfə silahlı toqquşmalar baş verib. Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə imzalanan Riyad Sazişi çərçivəsində şura nümayəndələri hökumətdə təmsil olunsa da, tərəflər arasındakı fikir ayrılıqları tam aradan qalxmayıb.
Məlumatlara görə, Cənub Keçid Şurasının Birləşmiş Ərəb Əmirlikləri ilə çox sıx əlaqələri hökm sürüb. Bu amil şuranın regiondakı hərbi və siyasi imkanlarının güclənməsində mühüm rol oynayıb.
Analitiklər bildirirlər ki, CKŞ bəzi hallarda husilərə qarşı mübarizədə hökumət qüvvələri ilə eyni cəbhədə çıxış etsə də, qurumun strateji məqsədi vahid Yəmənin qorunması deyil, cənubun ayrılaraq müstəqil olması olub. Bu isə Yəməndə davam edən münaqişənin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırıb.




















