İranda son iki həftədir davam edən kütləvi etirazlar zamanı ölənlərin sayı açıqlanıb.
Medialive.az xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, iğtişaşlar zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla 2000 nəfər həlak olub.
Rəsmi mənbənin məlumatına görə, bu, hakimiyyət orqanlarının etirazların yatırılması zamanı baş verən itkiləri ilk dəfə açıq şəkildə etiraf etməsidir.
Məqalədə bildirilir ki, ümumxalq iğtişaşlarının yatırılması prosesində dövlət qurumları da ciddi itkilərlə üzləşib. Daha öncə İran hökuməti ölkə üzrə etiraz aksiyalarına tam nəzarətin bərpa edildiyini bəyan edib.
Rəsmi məlumatlara əsasən, iğtişaşlar zamanı etirazçılar tərəfindən 150 təcili yardım avtomobili də məhv edilib.
İran Xarici İşlər Nazirliyi isə baş verən hadisələrdə ABŞ və İsrailin iştirakına dair dəlillərin mövcud olduğunu açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp da məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Tehran ABŞ bazalarına hücum edərsə, İran görünməmiş zərbələrlə üzləşəcək.




















