Prezident İlham Əliyevin 30 dekabr 2025-ci il tarixli fərmanı ilə Cinayət və İnzibati Xətalar Məcəllələrinə, eləcə də “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlara edilən dəyişikliklər fevralın 1-dən qüvvəyə minib. Yeni qaydalar mədəni irsin məhv edilməsi və korlanmasına görə məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirir.
Dəyişikliklərə əsasən, mədəni sərvətlərin qanunsuz daşınması, icazəsiz tikinti, bərpa və ya köçürülməsi hallarında tətbiq edilən cərimələr xeyli artırılıb. Belə ki, fiziki şəxslər 3–5 min manat, vəzifəli şəxslər 6–10 min manat, hüquqi şəxslər isə 20–30 min manatadək cərimələnəcək.
Tarixi və mədəniyyət abidələrinin qorunması qaydalarının pozulmasına görə də məsuliyyət sərtləşdirilib. Bu halda fiziki şəxslər 700–1 000 manat, vəzifəli şəxslər 1 000–1 500 manat, hüquqi şəxslər isə 3–6 min manat cərimə ödəməli olacaqlar.
Eyni zamanda, mədəni və tarixi abidələrin aşkar olunmasına baxmayaraq bu barədə aidiyyəti dövlət qurumlarına məlumat verməmək və ya həmin obyektləri dövlətə təhvil verməmək də cərimə ilə nəticələnəcək. Bu pozuntuya yol verən fiziki şəxslər 200–1 000 manat, vəzifəli şəxslər 400–1 500 manat, hüquqi şəxslər isə 3–6 min manat məbləğində cərimələnəcək.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan mədəniyyət abidələri xalqın tarixi yaddaşıdır:

“Mədəniyyətimizin elə tarixi abidələri var ki, onları qorumaq həyati əhəmiyyət daşıyır. Təəssüf ki, bəzi hallarda bu abidələr ya baxımsızlıqdan dağılır, ya da məsuliyyətsizlik ucbatından zərər görür. Bəzən isə bu, qərəzli şəkildə edilir. Xüsusilə işğal dövründə ermənilər tərəfindən Azərbaycan mədəniyyətinə vurulan ziyan danılmazdır”.
Deputat vurğulayıb ki, qanunvericiliyin sərtləşdirilməsi zəruri addım idi:
“Hazırda ölkənin müxtəlif bölgələrində çoxsaylı mədəniyyət abidələri mövcuddur və onların qorunması üçün daha ciddi mexanizmlərə ehtiyac var idi. Düşünürəm ki, yeni qaydalarla yanaşı, icraya nəzarət də güclənəcək və aidiyyəti qurumlar bu məsələyə daha məsuliyyətlə yanaşacaqlar”.