Xəbər verdiyimiz kimi, Cəmşid Əmirov Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) aparat rəhbəri vəzifəsinə təyin edilib. O, bu vəzifədə Fərman Qurbanlını əvəz edib.
Medialive.az xəbər verir ki, Cəmşid Əmirov ali təhsilini iki istiqamət üzrə alıb. O, Volqoqrad Daxili İşlər Nazirliyi Akademiyasında hüquq ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil və sosial-mədəni sahənin iqtisadiyyatı ixtisası üzrə magistr dərəcəsi əldə edib.
Cəmşid Əmirov uzun illərdir MİDA sistemində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Bundan əvvəl, 2019-cu ilin dekabr ayından 2025-ci ilin oktyabr ayınadək Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində işləyib. Həmin dövrdə strateji inkişaf planlarının hazırlanması və icrası, beynəlxalq əlaqələrin qurulması və idarə olunması istiqamətlərində fəaliyyət göstərib.
O, daha əvvəl isə 2018-ci ilin aprel ayından 2019-cu ilin dekabr ayınadək Beynəlxalq əlaqələr və investisiyaların təşviqi sektorunun müdiri postunda çalışıb. Qeyd edək ki, C.Əmirov, 2025-ci ilin oktyabr ayından 2026-cı ilə qədər “MİDA” MMC-də direktor müavini olub.




















