Məlum olduğu kimi, İrandakı gərginlik dünyada neft və qaz qiymətlərinə birbaşa təsir edib.
Bu qiymətlər saniyəbəsaniyə artıb-azalır.
Ötən gün isə ABŞ Prezidenti Donald Tramp mətbuata açıqlamasında bildirib ki, İranda münaqişə bitən kimi neftin qiyməti sürətli şəkildə düşəcək.
Bəs, bu məlumat nə dərəcə həqiqəti əks etdirir? İqtisadçılar bunu necə qiymətləndirir?
Məsələ ilə bağlı REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Medialive.az-a açıqlama verib.
O, açıqlamasında bildirib ki, neft qiymətlərinin artmasının səbəbi münaqişədirsə, məntiqlə bu bitdikdən sonra neftin qiyməti düşəcək:
“Təbii ki, neft qiymətlərinin artmasının səbəbi münaqişədirsə, məntiqlə bu bitdikdən sonra neftin qiyməti düşəcək. Lakin, bunun sürətlə, yaxud qısa zamanda olacağını demək çox çətindir. Bu proses ilk olaraq Hörmüz boğazının gələcəyi ilə bağlı hansı addımlar atılacağından, ikinci tərəfdən isə İranla danışıqların necə nəticələnəcəyindən, eyni zamanda İran neftinin dünya bazarına çıxa bilməsindən asılı olacaq. Nəticə etibarilə, münaqişə bitən kimi neftin qiymətində azalma müşahidə olunacaq, amma hansı səviyyədə azalması bir çox parametrlə əlaqəlidir”.




















