Bakı şəhərinin 8-ci mikrorayon ərazisində yerləşən “Qoç Ət” restoranında səhər yeməyində olan müştərinin sifariş etdiyi pendirin içindən saç tükü çıxıb.
Medialive.az xəbər verir ki, şikayətçi ictimai fəal Ramil Əliyev saytımıza müraciət edərək bildirib ki, hadisə dünən səhər saatlarında baş verib. Onun sözlərinə görə, restoranda sifariş etdikləri səhər yeməyi zamanı təqdim olunan pendirin içərisindən saç tükü çıxıb.
Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı restoran əməkdaşlarına iradını bildirsə də, qarşı tərəf bunu ciddi problem kimi qəbul etməyib və adi hal kimi qiymətləndirib.
Ramil Əliyev əlavə edib ki, baş verən hadisədən sonra onlar yeməkdən imtina edərək hesabı ödəyib restorandan ayrılıblar.
Onun sözlərinə görə, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi-nə müraciət etmək niyyətindədirlər.
Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






















