“Hazırda pensiyalar məbləğindən asılı olmayaraq eyni faizlə indeksləşdirilir. Orta aylıq əməkhaqqının artım tempi 8 faiz olarsa, bütün pensiyalar da eyni – 8 faiz səviyyəsində artırılır”.
Medialive.az xəbər verir ki, bunu “baku.ws”ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
“Nəticədə yüksək pensiya alanlarla aşağı pensiya alanlar arasında artım məbləği baxımından ciddi fərq yaranır. Mövcud indeksləşdirmə fondu çərçivəsində daha diferensial yanaşmanın tətbiqi məqsədəuyğun ola bilər. Bu halda vəsaitlərin bölgüsündə yalnız faiz göstəricisi deyil, sosial meyarlar da nəzərə alına bilər”.
Deputat qeyd edib ki, xüsusilə aşağı məbləğdə pensiya alan vətəndaşların pensiyalarının daha çox artırılması üçün müxtəlif kəmiyyət və sosial göstəricilərdən istifadə edilə bilər:
“Bu meyarlara ailə vəziyyəti, tək valideynlik statusu, himayədə olan uşaqların sayı və digər sosial amillər daxil edilə bilər. Belə bir mexanizm sosial müdafiəyə daha çox ehtiyacı olan pensiyaçıların gəlirlərinin artırılmasına və sosial ədalətin gücləndirilməsinə xidmət edə bilər”.




















