“Sonuncu Putin-Tramp danışıqları və Tramp-Zelenski görüşü bu müharibənin ümumi götürdükdə, mənzərəsini bir daha açdı. Göründü ki, Ağ Ev sahibi Ukraynanı təslimçi sülhə hazırlayır. Zelenskinin ritorikası da əvvəlki kimi deyil”.
Bu fikirləri Medialive-yə açıqlamasında AĞ Partiya başqanının müavini, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
O bildirib ki, Zelenskinin təmas xətti əsasında danışıqlara getməsi planı anlaşılmazdır:
“Onun “hazırkı təmas xətti əsasında danışıqlara başlamağa hazırıq” bəyanatı nə deməkdir? Belə çıxır ki, Rusiyanın işğal etdiyi ərazilər müvəqqəti olsa da ( gələcəyi məlum deyil) onlarda qalır? Bəs biz bir qarış torpağımızdan da vaz keçməyəcəyik fikirləri harada qaldı? Açığı bunun belə olacağını düşünmürəm. Belə çıxır ki, Zelenski artıq hakimiyyəti ilə vidalaşır? Çünki, bu belə olarsa, Ukrayna xalqı heç zaman onu bağışlamaz, hətta devirər, öldürər də. Zarafat deyil, bir milyona yaxın müharibənin getdiyi 1335 gündə Ukrayna itki verib Amma, açığı artıq Ukraynanın sadəcə dirəndiyini düşünürəm. Bu dirəniş də bir müddət davam edə bilər. Artıq Avropa da get-gedə Kiyevin arxasından çəkilməkdədir. Amma istənilən halda Zelenskinin bu bəyanatı Qərb tərəfindən heç də birmənalı qarşılanmayacaq. Çünki, onlar müharibənin hələ bir müddət də davam etməsində maraqlıdırlar. Ona görə ki, Rusiya istədikləri formada zəiflədilməyib”.
Siyasi şərhçi hesab edir ki, Kremlə Zelenskinin təklif etdiyi şərtlər hava, su kimi lazımdır:
“Putin bu şəkildə savaşdan qalib çıxacaq. Onun üçün də Zelenski bu şərti açıq şəkildə irəli sürsə, hesab edirəm ki, Moskva bunları qəbul edəcək. Çünki şimal qonşumuz da artıq yorulub. Yeni ərazilər işğal edib, onun üçün də savaşın dayanması sadəcə sərf edir. Bu formada həm də münaqişə dondurulmuş şəkildə qalacaq. Kim bilir ki, gələcəyi necə olacaq. 2014-də müharibə başladı, atəşkəs əldə olundu. Kimsə qarantiya verə bildimi ki, Putin bundan 8 il sonra yenə hücuma keçəcək. Keçdi və nəticə göz önündədir. İndi də bu razılıq əldə olunsa, 8 və ya bir neçə ildən sonra Rusiyanın növbəti əməliyyatlara başlayacağını kimsə qəti şəkildə inkar edə bilməz”.
Mikayıl Mirzəzadə




















