ABŞ rəsmiləri BMT Təhlükəsizlik Şurasında ən azı iki il müddətinə Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılmasını nəzərdə tutan qətnamə layihəsini bir neçə ölkəyə təqdim ediblər.
Medialive xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Qeyd edilib ki, layihədə ABŞ və digər iştirakçı ölkələrə Qəzza zolağının idarə olunması və təhlükəsizliyin təmin edilməsi üçün 2027-ci ilin sonuna qədər uzadılma imkanı ilə geniş səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Amerika rəsmisi sənədin yaxın günlərdə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacağına aydınlıq gətirib. Vaşinqton administrasiyası qətnamə ilə bağlı səsvermənin daha sonra keçirilməsini və beynəlxalq qüvvələrin Fələstin anklavına yerləşdirilməsinə yanvar ayına qədər başlanmasını istəyir.
Məlumata görə, sənəd layihəsi Qəzza zolağının İsrail və Misirlə sərhədlərinin təhlükəsizliyini təmin edəcək, mülki şəxsləri və humanitar dəhlizləri qoruyacaq və onların əməkdaşlıq edəcəyi yeni Fələstin polis qüvvələrini hazırlayacaq beynəlxalq qüvvələrin formalaşdırılmasına çağırır. Bu qüvvə həm də Qəzza zolağının hərbi, terrorçu və hücum infrastrukturunun məhv edilməsi və yenidən qurulmasının qarşısının alınması da daxil olmaqla, Qəzza zolağının demilitarizasiyası”na, habelə anklavda fəaliyyət göstərən qrupların silahlarının müsadirəsinə cavabdeh olacaq.
Qeyd edək ki, sentyabrın 29-da Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı hərtərəfli planını açıqlayıb.




















