Sabiq Kaliforniya qubernatorunun siyasi məsləhətçisi Dana Villiamson fırıldaqçılıq ittihamı ilə həbs edilib.
Medialive xarici mediaya istinadən xəbər verir ki, bunu Kaliforniya ştatının prokurorluğu bildirib.
İstintaq üç il davam edib.
Müstəntiqlərə görə, Villiamson şəriki ilə əlbir olaraq 2022-ci ilin fevralından 2024-cü ilin sentyabrına qədər siyasi kampaniya ianələrinin olduğu hesabdan təxminən 225 min ABŞ dolları çıxarıb.
Vəsaitlər bir sıra şirkətlərdəki çoxsaylı hesablar vasitəsilə köçürülüb və nəticədə xidmətlərə görə ödəniş kimi cinayət ortağının əlinə keçib.
Sean MakKluski cinayət ortağı kimi qeyd olunub.
Amerika mətbuatının yazdığına görə, o, ABŞ-nin sabiq səhiyyə katibi Xavyer Bekerranın aparat rəhbəri olub.
Villiamsonun ittihamlarının tam siyahısında 23 maddə var. Bunlara bank fırıldaqçılığı, ABŞ hökumətini aldatmaq və ədalətə mane olmaq üçün sui-qəsd daxildir.
Qeyd edək ki, Villiamson ötən gün məhkəmə qarşısına çıxıb. Özünü təqsirli bilməyib və şərti azadlığa buraxılıb.




















