Bakıda fəaliyyət göstərən “AGNA Quru Təmizləmə” şirkətinin göstərdiyi xidmətin keyfiyyəti ilə bağlı müştəri narazılığı yaranıb.
Medialive.az xəbər verir ki, baş ofisi Səbail rayonu, Zərifə Əliyeva küçəsi 27 ünvanında yerləşən sözügedən şirkətin Şəfaət Mehdiyev filialına müraciət edən vətəndaş övladına məxsus sarı rəngli şalvarın təmizlənməsini sifariş edib.
Şikayətçinin sözlərinə görə, sifariş icra olunduqdan sonra geyim müştəriyə natəmiz vəziyyətdə geri qaytarılıb.
Redaksiyamıza təqdim olunan görüntülərdə də şalvarın aşağı hissəsində qara ləkələrin qaldığı və tam təmizlənmədiyi aydın görünür.
Məsələ ilə bağlı şirkət nümayəndələrinə irad bildirildikdə, geyimə xüsusi təmizləyici vasitə vurulmasına baxmayaraq, ləkənin getmədiyi qeyd edilib. Vətəndaş isə keyfiyyətsiz xidmət göstərilməsinə baxmayaraq, şirkət tərəfindən ondan xidmət haqqı tələb olunmasına etirazını bildirib.
Məsələ ilə bağlı “AGNA Quru Təmizləmə” şirkətindən Patrul.az-a verilən açıqlamada bildirilib ki, geyim təhvil alınarkən ləkələrin tam çıxmaması ehtimalı barədə müştəriyə əvvəlcədən xəbərdarlıq edilib:
“Müştəriyə geyim təhvil alınarkən bütün zəruri məlumatlar ətraflı şəkildə təqdim edilib. Ona geyimin daha əvvəl ev şəraitində yuyulduğu və üzərində çıxarılması çətin olan ləkənin mövcud olduğu bildirilib. Müştəriyə əvvəlcədən izah olunub ki, geyimə qulluq etiketində göstərilən təlimatlara və bütün təmizləmə qaydalarına riayət edilməsinə baxmayaraq, mövcud ləkənin tamamilə çıxmaması ehtimalı var. Müştəri bu şərtlərlə tanış olub, mümkün nəticələr və risklər barədə məlumatlandırıldıqdan sonra bütün şərtlərimizi qəbul edərək geyimi təhvil verib”.
Şirkət rəsmilərinin sözlərinə görə, müştəri bununla bağlı rəsmi müqaviləni də imzalayaraq razılığını təsdiqləyib:
“Müştəriyə xidmət şərtlərimizi əks etdirən müqavilə təqdim edilib, sənəd onun tərəfindən oxunub və imzası ilə təsdiq olunub. Beləliklə, müştəri həm şifahi, həm də yazılı şəkildə bütün şərtlər barədə məlumatlandırılıb və mümkün riskləri qəbul edərək xidmətə razılıq verib. Bu səbəbdən, əvvəlcədən bildirilmiş və müştərinin razılaşdığı riskin reallaşması, yəni ləkənin tam çıxmaması özlüyündə xidmət şərtlərinin pozulması hesab edilə bilməz. Bir sözlə, bütün proses müştərinin əvvəlcədən məlumatlandırılması və razılığı əsasında həyata keçirilib”.
“AGNA Quru Təmizləmə” şirkəti vətəndaşın ləkəsi getməyən geyim müqabilində ödəniş tələb olunmasına dair narazılığına da aydınlıq gətirib. Açıqlamada qeyd olunub ki, təmizləmə prosesi zamanı geyimə xüsusi vasitələr və əlavə resurslar sərf edildiyi üçün xidmət haqqı tələb olunub:
“Müəssisəmiz eksperiment aparılan yer deyil. Biz hər bir geyimin təmizlənməsi üçün xüsusi təmizləyici vasitələrdən və peşəkar kimyəvi preparatlardan istifadə edirik. Bu proses zamanı külli miqdarda dərman preparatları, su və elektrik enerjisi sərf olunur və bütün bunlar müəssisə üçün əlavə xərc deməkdir. Biz işimizi təsadüfi üsullarla deyil, müəyyən edilmiş texnologiya və təmizləmə qaydalarına uyğun həyata keçiririk. Müştəriyə əvvəlcədən açıq şəkildə bildirilir ki, xüsusilə ev şəraitində yuyulmuş və çıxarılması çətin olan ləkələrin tam təmizlənməsinə zəmanət verilmir. Buna baxmayaraq, maksimum nəticə əldə etmək üçün bütün imkanlar səfərbər edilir. Lakin əvvəlcədən xəbərdarlıq edilmiş riskin mövcudluğu müştəriyə xidmət göstərilmədiyi və ya işin lazımi qaydada görülmədiyi anlamına gəlmir”, – deyə şirkətdən bildirilib.
