Azərbaycanda əkin yerinin yandırılmasına görə fiziki və vəzifəli şəxslər, eləcə də hüquqi şəxslər üçün ciddi inzibati məsuliyyət nəzərdə tutulur.
Medialive.az xəbər verir ki, əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə edilir.
İşin halları və pozuntunu törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla cərimənin tətbiqi kifayət sayılmadıqda, 1 ayadək inzibati həbs də tətbiq oluna bilər.
Bu əmələ görə hüquqi şəxslər 5000 manatdan 6000 manatadək cərimə edilir.
Əkin yerinin yandırılması inzibati tənbeh almış şəxs tərəfindən həmin qərarın qüvvəyə mindiyi gündən etibarən 1 il ərzində təkrar törədilərsə, cəza daha da ağırlaşır.
Bu halda fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manatadək cərimə edilir. İşin halları və pozuntu törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 1 aydan 2 ayadək inzibati həbs tətbiq oluna bilər.
Əməli təkrar törədən hüquqi şəxslər isə 6000 manatdan 7000 manatadək cərimə edilir.
Beləliklə, əkin yerinin yandırılmasına görə tətbiq olunan cərimənin məbləği pozuntunun kim tərəfindən törədilməsindən və təkrar olub-olmamasından asılı olaraq dəyişir, bəzi hallarda isə inzibati həbs də tətbiq edilə bilər.
