Milli Məclisin deputatları və bir sıra digər vəzifəli şəxslər üçün aylıq pensiya əlavəsinin hesablanmasında yeni qaydalar tətbiq olunacaq.
Medialive.az xəbər verir ki, bu barədə Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya qanunvericiliyinə dəyişikliklərlə bağlı hazırlanan layihəni təqdim edərkən məlumat verib.
Komitə sədrinin sözlərinə görə, nəzərdə tutulan aylıq pensiya əlavəsi inzibati vəzifələrin təsnifatına, eləcə də siyasi vəzifəli şəxslərə, deputatlara, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinə, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman), Hesablama Palatasının üzvlərinə və diplomatik xidmət əməkdaşlarına konkret vəzifələr üzrə şamil ediləcək.
Musa Quliyev vurğulayıb ki, xüsusi şərtlərlə pensiya hüququna malik bu kateqoriyadan olan şəxslərin pensiya məbləği ilə aldıqları əməkhaqqı arasındakı birbaşa asılılıq ləğv olunacaq. Pensiya ödənişi fərdi şəxsi hesabda toplanan pensiya kapitalı əsasında formalaşacaq və buna əlavə olaraq aylıq xüsusi ödəniş ediləcək. Bu yeni mexanizm hazırda qüvvədə olan qulluq stajına görə əlavəni əvəzləyəcək.
