Azərbaycanın zəngin təbiəti, qədim tarixi və unikal mədəniyyət potensialı ölkənin qlobal turizm mərkəzinə çevrilməsi üçün geniş imkanlar açsa da, bu dəyər Dövlət Turizm Agentliyinin səriştəsiz, bürokratik və bərbad idarəçiliyi üzündən heçə endirilir. Ölkənin turizm potensialını dünya səviyyəsində təbliğ etməli, beynəlxalq brendə çevirməli olan qurum əslində yerli turizmin inkişafına mane olan əsas səddə və bürokratik əngələ çevrilib. Mövcud imkanların düzgün qiymətləndirilməməsi, strateji baxışın yoxluğu və məsuliyyətsizlik Azərbaycan turizmini dərin böhrana sürükləyib.
Agentliyin rəhbərliyi və strukturu müasir qlobal turizm tendensiyalarından tamamilə xəbərsizdir. İnnovativ yanaşmaların tətbiq edilməsi, yeni turizm marşrutlarının açılması, regionların turizm potensialının canlandırılması istiqamətində real addımlar atılmaq əvəzinə, köhnəlmiş sovet üslublu idarəetmə metodlarına üstünlük verilir. Regionlarda turizm infrastrukturu bərbad vəziyyətdədir-yollar, ictimai iaşə obyektləri, sanitar qovşaqlar və informasiya mərkəzləri beynəlxalq standartlardan çox uzaqdır. Bütün bunlara görə birbaşa məsuliyyət daşıyan Dövlət Turizm Agentliyi isə mövcud problemləri görməzdən gələrək sadəcə statistika manipulyasiyası ilə məşğuldur. Agentlik yalnız xarici bazarda deyil, daxili turizmin tənzimlənməsində də tamamilə fiaskoya uğrayıb. Ölkə daxilində istirahət qiymətlərinin süni şəkildə astronomik rəqəmlərə qaldırılması, hotellərin və istirahət mərkəzlərinin vətəndaşları soydurması qarşısında qurum susqunluq nümayiş etdirir. Azərbaycan vətəndaşları öz ölkələrində dincəlmək əvəzinə qonşu ölkələrə üz tutmağa məcbur qalırlar, çünki Dövlət Turizm Agentliyi yerli bazarda sağlam rəqabət mühiti yarada bilmir, qiymət və xidmət keyfiyyətinə heç bir effektiv nəzarət həyata keçirmir.
Ölkənin turizm potensialı kimi nəhəng bir iqtisadi və mədəni resurs bu gün səriştəsiz əllərdə girov qalıb. Dövlət Turizm Agentliyi mövcud böhran vəziyyətindən çıxmaq üçün heç bir potensiala malik olmadığını dəfələrlə sübut edib. Sahəyə təcili olaraq peşəkar, müasir düşüncəli, nəticəyə yönəlmiş kadrlar gətirilməli, qurumun fəaliyyəti ciddi şəkildə audit olunmalı və şəffaflıq təmin edilməlidir. Əks təqdirdə, Azərbaycanın turizm sektoru dövlət tərəfindən ayrılan milyonlarla vəsaitin havaya sovrulduğu, potensialın isə kağız üzərində kağız kimi qaldığı bir sahə olaraq qalmağa davam edəcək.
///Vətəninfo.az
