Bakıda “Evimiz Store” (keçmiş “Master Tibot”) əmtəə nişanı altında fəaliyyət göstərən “Azər Yapı Market” şirkətinin rəhbəri ilə bağlı məhkəmə qərar verib.
Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Azər Yapı Market” şirkətinin rəhbəri və qanuni təmsilçisi, 1970-ci ildə Bakı şəhərinə anadan olmuş Abdinov Bəhram Övsət oğlu barəsində məhkəməyə şikayət edilib.
Buna səbəb Bəhram Abdinovun Lokal Gəlirlər Baş İdarəsinə 638381.15 manat vergi borcunun olması olub. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilib, lakin ödəniş edilməyib.
Maraqlısı odur ki, şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməyib və bunun səbəbi barədə məlumat verməyib. Məhkəmənin hökmü ilə Bəhram Abdinovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
O, həmçinin “Ntd Service S.R.O.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəridir.
Xatırladaq ki, Azərbaycanda ən böyük “ev üçün hər şey” tipli mağazalardan olan “Evimiz”də məişət texnikası, mebel, qab-qacaq, tekstil, saatlar, çilçıraqlar və s. satılır. Əvvəllər “Master Tibot”un “Gilan Holdinq”ə daxil olduğu göstərilirdi. Hazırda “Master Tibot”un varisi olan “Evimiz”in adı “Gilan Holdinq”ə daxil olan qurumlar siyahısında yoxdur.
2020-ci ildən 2025-ci ilin noyabr ayına kimi şirkətin qanuni təmsilçisi Cəfərov Ceyhun İsmayil oğlu olub.