Fransanın xarici işlər naziri Jan-Noel Barro Britaniya və Fransanın rəhbərlik etdiyi könüllülər koalisiyasının Ukraynada sülh əldə ediləcəyi təqdirdə Donbasda kontingentini yerləşdirib-yerləşdirməyəcəyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
Medialive xəbər verir ki, “Radio Franceinfo”nun səhər verilişinin aparıcısının bu məsələ ilə bağlı sualından sonra nazir bildirib ki, könüllülər koalisiyası misilsiz bir iş görüb və Ukraynada ordunun yenidən qurulması və çəkindirmə qabiliyyətlərinin yerləşdirilməsi planlarını müzakirə etmək üçün Avropa, Asiya və Şimali Amerikanın 30-dan çox ölkəsindən hərbi liderləri bir araya gətirib.
O, əlavə edib ki, bu planlar hələ də müzakirə olunur və atəşkəs qüvvəyə mindikdən sonra yekunlaşdırılacaq.
Aparıcı nazirin cavabını başa düşmədiyini bildirərkən və Fransanın öz qoşunlarını silahsızlaşdırılmış zonaya göndərməyə hazır olub-olmadığına dair aydın cavab istədikdə, o, yenidən NATO formatından kənarda Avropada hərbi səylərin əlaqələndirilməsində 80 il ərzində əldə edilən misilsiz nailiyyətlərdən danışmağa başlayıb.
“Fransa hərbi qüvvələrin yerləşdirilməsi yolu ilə AB səviyyəsində təhlükəsizlik zəmanətləri üçün hərbi planlaşdırma ilə bağlı müzakirələrə sədrlik edir”, – deyə nazir bildirib.




















