Azərbaycanda hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi məsələsi hər zaman aktual mövzulardan biri olub. Xüsusilə, son dövrlərdə inflyasiyanın artması və yaşayış xərclərinin yüksəlməsi fonunda hərbçilərin maaşlarının və kirayə kompensasiyasının artırılması məsələsi yenidən gündəmə gəlib. Bu istiqamətdə Milli Məclisdə də müxtəlif təkliflər səsləndirilib və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılmasının vacibliyi vurğulanıb.
Bəs görəsən, hərbi qulluqçuların maaşlarının və kirayə kompensasiyasının artırılması bu il üçün nə dərəcədə realdır?
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov KONKRET.az-a açıqlamasında bildirib ki, belə qərarlar əsasən dövlət başçısının fərman və sərəncamları ilə həyata keçirilir və hər il dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələ müzakirə olunur.
Ekspertin sözlərinə görə, yaxın vaxtlarda Milli Məclisdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının hesabatı dinlənilərkən hərbi qulluqçuların məvaciblərinin və sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra təkliflər səsləndirilib. Bu təkliflər arasında maaşların və kirayə kompensasiyasının artırılması da yer alıb.
“Hazırda bu məsələ təklif səviyyəsindədir. Onun reallaşıb-reallaşmayacağı il ərzində məlum olacaq. Mən ümumiyyətlə hesab edirəm ki, hərbi qulluqçular ən yüksək maaşla təmin edilməlidir. Kirayə haqqı da yüksək səviyyədə olmalıdır. Təəssüf ki, bəzi məmurlar bunu tam anlamır. Halbuki hərbi qulluqçu bayram demədən, istənilən hava şəraitində vətən qarşısında xidmət edir”, – deyə Üzeyir Cəfərov qeyd edib.
Ekspert bildirib ki, inflyasiya və sosial şərtlər nəzərə alınaraq hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilməlidir.
“Xüsusilə hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması təkcə şüar olaraq qalmamalı, real addımlarla təmin edilməlidir.
Dünyada baş verən proseslər fonunda hərbi qulluqçuların daim diqqətdə saxlanılması və onların özlərini sosial baxımdan güvənli hiss etməsi dövlət üçün prioritet məsələlərdən biri olmalıdır”.




















