“Kontakt Home” mağazalar şəbəkəsindən 3300 manat dəyərində alınan noutbuk iki gündən sonra xarab olub, mağaza isə geri qaytarmaqdan imtina edir.
Medialive.az xəbər verir ki, bu şikayətlə Qəbələ sakini İbrahim Əhmədov Bakupost.az-a müraciət edib.
İ.Əhmədov deyir ki, yanvarın 12-də valideyni öz adına Qəbələ filialından “Lenovo Legion” 5 modelini sifariş edib. Sifariş yanvarın 18-də Bakıya çatdırılıb və həmin gün quraşdırılıb.
Onun sözlərinə görə, noutbukdan istifadə etdiyi ikinci gün problem yaranıb:
“Noutbuk 18-də gəldi, düzgün quraşdırıldı və 19-da istifadəyə başladım. Lakin 20-si axşam “YouTube” izləyərkən ekran qəfil qaraldı və boz xətlər görünməyə başladı. Bu noutbuk zəif deyil, 3300 manatlıq yüksək parametrlərə malikdir, belə olmamalı idi… Məhsulun artıq 2-ci gündən nasaz olduğunu “Kontakt Home”un rəsmi vatsap səhifəsinə yazıb bildirdim və geri qaytarılmasını tələb etdim. Dedilər ki, məhsulu servisə təqdim etməliyəm. Bildirdim ki, prosedur gərəyi verirsinizsə, problem deyil, amma mən bu noutbuku başdan istəmirəm”.
İ.Əhmədov bildirir ki, servis müddəti 14 iş günü olmasına baxmayaraq, təxminən 20 gün çəkib. Servis rəsmi olaraq noutbukda problem olmadığını, sadəcə iOS-un yeniləndiyini bildirib:
“Özüm zəng etməsəydim, servis mənə ümumiyyətlə məlumat verməzdi. Noutbukda problem olmadığını bildirirlərsə, bəs niyə bu qədər vaxt almasıyla bağlı sualları cavablandırmadılar. Bunun səbəbi olaraq çox müraciət olduqlarını deyirlər. Belə çıxır ki, məhsullar keyfiyyətsizdir və servis çox sayda məhsulla məşğuldur. Mən 500–600 manatlıq noutbuk almamışam ki, belə şeyə göz yumum”.
Daha sonra mağaza şikayətçiyə məhsulu yalnız maya dəyəri ödənildiyi halda geri qaytara biləcəklərini bildirib:
“Dedim ki, məhsulu yalnız 2 gün istifadə etmişəm, sizdə daha çox qalıb, bu halda niyə ödəniş etməliyəm? Mən axı heç istifadə edə bilməmişəm. Qanunvericiliyə əsasən, 14 gün müddətində mənim qaytarça hüququm var”.
Şikayətçi məsələ ilə bağlı Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də müraciət etdiyini, lakin nəticə ala bilmədiyini deyir:
“Hazırda yenidən əlaqə saxlamağa çalışdım, lakin zəngimə cavab almadım.195 Çağrı Mərkəzinə dəmüraciət etmişdim, oradan bildirdilər ki, bu tip şikayətlər çox olduğuna görə növbəli şəkildə baxılır. Kontakt Home isə 2 gündə xarab olan kompüteri geri qaytarmaqdan imtina edir. Mənim məhkəməyə müraciət etmək imkanım olmadığı üçün onlar bundan sui-istifadə edirlər”.