Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İrs” – Gənclərin Maarifləndirmə Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vikipediyada Azərbaycanın milli irs məzmununun gücləndirilməsi” adlı layihə çərçivəsində 17–18 iyul 2026-cı il tarixlərində Masallı rayon Gənclər Evində gənclər üçün Vikipediya təlimləri təşkil olunub. Layihənin əsas məqsədi məhz gənclərin Vikipediya sahəsində bilik və bacarıqlarını artırmaq, onların Azərbaycanın milli irsinin beynəlxalq informasiya məkanında tanıdılmasına töhfə vermələrini təşviq etməkdir.
Təlimlərin açılışında çıxış edən “İrs” – Gənclərin Maarifləndirmə Mərkəzi İctimai Birliyinin sədri Saleh Bağırov gəncləri salamlayaraq onlara uğurlar diləyib. Sədr görüləcək işlərin əsas hədəflərini diqqətə çatdırıb və müasir dövrdə gənclərin intellektual potensialının, eləcə də rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclərlə iş sektorunun müdiri Sabiq Cahangirov çıxış edərək Vikipediyaya töhfə verən gənclərin fəaliyyətini yüksək qiymətləndirib, etibarlı və açıq bilik məzmununun formalaşdırılmasının müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını bildiriblər.
İki günlük təlimlər Vikimedia Azərbaycan İstifadəçi Qrupu İdarə Heyətinin sədr müavini Aida Aslanova və Vikipediyanın inzibatçısı Toğrul Rəhimli tərəfindən aparılıb. İştirakçılara Vikipediyanın əsas prinsipləri, ensiklopedik məzmunun yaradılması qaydaları, mənbələrdən düzgün istifadə, məqalələrin hazırlanması və redaktə edilməsi barədə ətraflı məlumat verilib. İştirakçılar əldə etdikləri bilikləri tətbiq edərək Azərbaycanın milli irsi, eləcə də Masallı rayonu ilə bağlı yeni məqalələr yaradıb və mövcud məqalələri təkmilləşdiriblər. Təlimçilər tərəfindən hazırlanan məqalələr yoxlanılıb, iştirakçılara fərdi tövsiyələr təqdim olunub və onların fəaliyyətləri qiymətləndirilib.
Təlimin sonunda iştirakçıların praktiki işləri yekun qiymətləndirilib, təlim proqramını uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub. Sertifikatlar “İrs” – Gənclərin Maarifləndirmə Mərkəzi İctimai Birliyinin təlimçiləri tərəfindən iştirakçılara təqdim edilib.
