Almaniya üçün Alternativ Partiyasının həmsədri və parlament fraksiyasının rəhbəri Alis Vaydel kansler Fridrix Merzin Ukraynanı dəstəkləməyə yönəlmiş borc siyasətini kəskin tənqid edib.
Medialive xəbər verir ki, bu barədə Vaydel şəxsi X hesabında yazıb.
“Avropa Birliyi Ukraynanı dəstəkləmək üçün 90 milyard avro borc götürür. Merz məsuliyyətsiz borc siyasətini Aİ-yə yönəldir. Nəticədə, alman vergi ödəyiciləri yenidən hesabı ödəməli olacaqlar!” – deyə partiya sədri qeyd edib.
Ötən gün Brüsseldə keçirilən Aİ sammitində Ukraynanın maliyyələşdirilməsi müzakirə olunub. Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası Belçikanın Euroclear depozitariyasında dondurulmuş Rusiya aktivlərini müsadirə etməkdə və sonra onları Kiyevə köçürməkdə israr etsə də, Belçikanın güclü müqaviməti ilə qarşılaşıb. Konsensusa gələ bilməyən Aİ liderləri Ukraynaya Aİ-nin kollektiv kredit sistemi vasitəsilə 90 milyard avro faizsiz kredit vermək qərarına gəliblər.




















