Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün yeni sülh planını təsdiqləyib.
28 bəndlik planın hazırlanmasında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff, vitse-prezident J.Vens və dövlət katibi Marko Rubio iştirak ediblər.
Məlumata görə, planın hazırlanması zamanı ABŞ rəsmiləri Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev, eləcə də Ukrayna rəsmiləri ilə məsləhətləşmələr aparıblar.
Bəs, Trampın yeni sülh planı müharibəni həqiqətən dayandıra bilər?
Görəsən, Tramp bu dəfə tərəfkeşlik etmədən münaqişəyə son qoyacaqmı?
Məsələ ilə bağlı AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Medialive.az-a açıqlama verib.

O, açıqlamasında bildirib ki, Tramp müharibəni bitirməyə nail olmadığı üçün artıq Rusiya diqtə edən tərəfə çevrilib:
“Tramp bu müharibəni bitirməyə səmimi olaraq girişdi. Amma buna nail ola bilmədi. Bəlkə elə bu səbəb onu Nobel mükafatından məhrum etdi. İndi də cəhdlər edir. Amma son aylarda Putinlə Alyaska görüşündən və bir neçə dəfə telefon danışığından sonra Kremlin “çamadanı dolub”. Onun üçün də artıq Rusiya diktə edən tərəf halına gəlib. Son olaraq, İstanbul danışıqlarına gəlməmələri buna işarə oldu”.
Siyasi ekspert qeyd edib ki, Trampın bu planını Qərb ölkələri qəbul etməyəcək:
“Açığı, bu 28 bəndlik planı Ukraynadan daha çox Amerika istisna, Qərbin digər ölkələrinin qəbul edəcəyini düşünmürəm. Birincisi, onlar müharibənin davam etməsində maraqlıdırlar. İkincisi isə, bu plan Ukraynanın tam məğlubiyyəti demək olacaq. Çünki azından bəndlər sırasında Rusiyanın indiyə qədər işğal etdiyi 20 faiz Ukrayna ərazisinin ruslarda qalması bəndi mütləq olacaq. Bu da birbaşa Ukraynanın kapitulyasiyası deməkdir. Onun üçün də Trampın planının həyata keçəcəyi inandırıcı görünmür. Bu arada dünən yeni “Patriot”ların Kiyevə verilməsi barədə Dövlət Departamenti qərar verdi. İndi bu qərardan sonra müharibənin dayandırılması istiqamətində ABŞ qəti şəkildə hərəkət edəcək? Təbii ki, xeyr”.




















