Xəbər verdiyimiz kimi, “Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” adlı market şəbəkələrində çalışan bir qrup işçi bir neçə aydır əməkhaqlarını ala bilmədiklərini iddia edir. İşçilərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə rəhbərliyə müraciət edilib. Lakin hər dəfə maaşların yaxın günlərdə ödəniləcəyi bildirilsə də, vəd edilən ödənişlər həyata keçirilməyib. “Artıq bir neçə aydır əmək haqqımızı ala bilmirik. Hər dəfə bizə gözləməyimizi deyirlər, amma nəticə yoxdur”, – deyə şikayətçilər bildiriblər. Qeyd olunur ki, adıçəkilən market şəbəkələrində ümumilikdə 10 mindən çox işçi çalışır. Yaranmış vəziyyətin minlərlə ailənin sosial durumuna təsir etdiyi vurğulanır. Bununla yanaşı, sözügedən marketlərin külli miqdarda vergi borcunun yarandığı, eləcə də təchizatçılara on milyonlarla manat məbləğində ödəniş etmədiyi iddia olunur. Bildirilir ki, bəzi təchizatçı şirkətlər borcların ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediblər.
“Rahat Market” şəbəkəsinin Marketinq şöbəsinin rəhbəri Kənan Şirinov Demokrat.az-a məsələ ilə bağlı açıqlama verib. O deyib ki, hazırda əmək haqqı ilə bağlı heç bir problem yoxdur:
“Mən şəxsən burada işləyirəm. İstənilən mağazamıza yaxınlaşıb əməkdaşlardan soruşa bilərsiniz ki, maaş alırlar, ya almırlar. Maaşlar Paşabank vasitəsilə ödənilir. Banka müraciət etsəniz, ödənişlərin müntəzəm həyata keçirildiyini görərsiniz. İstəsəniz, əməkdaşlarımızın maaş aldıqlarına dair təsdiqləri də təqdim edə bilərik. “Rahat Market” əmək haqqı ödəməməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Borcla bağlı iddialara gəldikdə isə, şirkətin heç bir vergi, bank və ya kredit borcu yoxdur. Vergi ödəyicisi kimi biz retail sahəsində öndə olan şirkətlərdənik, hətta artıq vergi ödənişlərimiz də mövcuddur. Bu məlumatları rəsmi qurumlardan da dəqiqləşdirmək mümkündür”.
O bildirib ki, son dövrlər bəzi başqa şəbəkələrlə bağlı baş verən hadisələr fonunda bizim adımız da hallandırılır:
“Lakin “Grandmart” və “Bolmart” şəbəkələrinin “Rahat Market”ə heç bir aidiyyatı yoxdur, onların idarəetməsi tamamilə başqadır. “Port Bazar”, “Privatika” mağazaları və “Rahat Market”lər şəbəkəsinə cavabdeh şəxs olaraq bildirirəm ki, əməkhaqqı, vergi və maliyyə öhdəlikləri ilə bağlı heç bir gecikmə və problem yoxdur. Biz 4000-dən çox əməkdaşla fəaliyyət göstəririk. Əgər deyilənlər doğru olsaydı, bu qədər insan işləməzdi. Hətta sosial şəbəkələrdə əməkdaşlarımız özləri də yazaraq bu iddiaların yalan olduğunu bildiriblər”.
Onun sözlərinə görə, son dövrlər mediada “Rahat Market”in adının borc və əmək haqqı problemləri ilə hallanması Adnan Əhmədzadə ilə bağlı baş verən hadisələr fonunda yaranmış qarışıqlıqdan qaynaqlanır:
“Adnan Əhmədzadənin adı bəzi şəbəkələrlə birlikdə gündəmə gəlsə də, bu vəziyyət “Rahat Market”in fəaliyyəti ilə birbaşa əlaqəli deyil. Adnan Əhmədzadə rəhbərlik səviyyəsində müəyyən əlaqədə ola bilsə də, “Rahat Market”, eləcə də “Port Bazar” və “Privatika” mağazalarının idarəetməsi tamamilə müstəqildir və ayrı-ayrı strukturlar tərəfindən həyata keçirilir. Media məkanında bu şəbəkələrdə baş verən problemlərin və ya Adnan Əhmədzadə ilə bağlı xəbərlərin “Rahat Market”lə əlaqələndirilməsi yanlış təəssürat yaradır və faktlara əsaslanmır. Biz marketlər şəbəkəsində bu məsələyə görə, birinciyik”, – o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, “Rahat” marketlər şəbəkəsinin hissələrinin 45 faizi Adnan Əhmədzadəyə, 45 faizi Anar Əlizadəyə, 10 faizi isə Cəlal Babakişiyevə məxsusdur. Onu da bildirək ki, Cəlal Babakişiyev “Rahat” marketin təsisçisi və rəhbəridir. O, Əməkdar memar Rasim Babakişiyevin oğludur.




















