Son dövrlər insanlar arasında yüksək təzyiq, eyni zamanda şəkər xəstəliyi geniş yayılır.
Bu da əlbəttə ki, çox zaman həddindən artıq köklük səbəbindən baş verir. O cümlədən yüksək arterial təzyiq böyrəyin və digər orqanların sıradan çıxmasına gətirib çıxara bilir.
Medialive.az bütün bu vacib problemlərin səbəblərini öyrənmək üçün “Central Hospital”ın endokrinoloqu Fərizə Zahirova ilə həmsöhbət olub.
1. Fərizə xanım, özünüz haqqında oxucularımıza məlumat verərsiniz.
- Mən 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin I Müalicə profilaktika fakültəsində təhsil almışam. 2018-2022-ci illərdə endokrinologiya ixtisası üzrə rezidentura təhsili almışam. 2019-2020-ci illərdə İstanbul Universiteti, Cərrahpaşa Tibb fakültəsində 1 illik rotasiya keçmişəm. 2023-cü ildən Respublika Klinik xəstəxanasında çalışıram. 2026-cı ildən Central Hospitalda həkim endokrinoloq vəzifəsində fəaliyyətə başlamışam. Bir sıra elmi konfranslarda və seminarlarda iştirak etmişəm.
2. Niyə məhz endokrinologiya sahəsini seçdiniz? Bu sahəyə marağınız necə yarandı?
- Bu sahə mənə tələbəlik illərində maraqlı gəlməyə başladı. Çünki hormonların bir-biri ilə mürəkkəb və məntiqli əlaqə içində olması, bütün orqanların fəaliyyətində idarəedici rol oynaması endokrinologiyanın dərinliyi və önəmini göstərirdi.
3. Sizcə, Azərbaycanda endokrin xəstəliklər niyə bu qədər intensiv yayılıb?
- Təkcə Azərbaycanda yox, demək olar ki, bütün dünyada endokrinoloji xəstəliklər sürətlə artmaqda davam edir. Bunun bir çox səbəbləri var. Texnologiyanın inkişafı, sosial və iqdisadi məsələlərin həyat tərzimizi ciddi formada dəyişməsi, stressli həyat, yuxu rejiminin pozulması, ağır iş yükü, ətraf mühitin çirklənməsi, qidaların keyfiyyətinin azalması, fiziki aktivliyin aşağı olması, açıq havada, təbiətdə keçirilən vaxtın az olması, radiasiyaya məruz qalma və genetik faktor kimi bir çox səbəbləri göstərmək olar.
4. Ən çox rast gəldiyiniz problemlər hansılardır?
- Təəssüf ki, artıq hər ailədə endokrinoloji xəstəliyi olan şəxs var. Ən çox qarşılaşdığımız hallar artıq çəki, yüksək arterial təzyiq, şəkərli diabet, xolesterin yüksəkliyi, zob, sonsuzluq kimi önəmli sağlıq problemləridir.

5. Hansı əlamətlərdə mütləq endokrinoloqa müraciət etmək lazımdır?
- Endokrinoloji əlamətlər barədə saatlarla danışmaq olar. Qısaca desək, halsızlıq, susuzluq, ürəkdöyünmə, boğulma, yüksək arterial təzyiq, boyunun ön tərəfində şişkinlik, piylənmə, sonsuzluq, ödemlər, saç tökülməsi, qadınlarda menstruasiya pozulması, tüklənmə artışı,kişilərdə süd vəzi böyüməsi və s. əlamətlər hormonal qaynaqlı ola bilər.
6. Sosial mediada tibbi mövzularda paylaşımlar etməyinizin məqsədi nədir?
- Düşünürəm ki, insanlar endokrinologiya sahəsində kifayət qədər məlumatlı deyil və onlar müəyyən simptomların hormonal mənşəli olduğunu bilmirlər. Məsələn, qarın nahiyəsində piylənmə o qədər yayılıb ki, artıq insanlar bunun norma olduğunu düşünür. Halbuki ürəyin, qaraciyərin və ya digər orqanların böyüməsi necə ciddi xəstəlikdirsə, piy toxumasının böyüməsi də xəstəlikdir və ağır fəsadların ola biləcəyindən xəbər verir. Bu sadəcə görünüş problemi deyil. Bizim vəzifəmiz də insanları belə mövzularda bilgiləndirməkdir.
7. Sizcə, həkimlər sosial mediada aktiv olmalıdırlarmı?
- Əlbəttə, aktiv olmalıdırlar. Çünki insanlar televiziya və radiodan daha çox sosial şəbəkələrdə məlumat əldə edirlər. Təəssüf ki, bu vasitə ilə heç bir tibbi təhsili olmayan şəxslərin verdiyi tibbi məsləhətlər də həddən artıq etimad görür və bu da insanların sağlamlığının təhlükəyə atılması deməkdir. Buna misal olaraq təhlükəsizliyi sübut olunmamış arıqlama vasitələri, şəkərsalıcı bitkilər, hər kəsə uyğun olmayan qidalanma və idman qaydaları, dəriyə, saça qulluq vasitələrini göstərə bilərik. Həkimlər meydanı boş qoymamalıdır.
8. Pasiyentlərinizə vermək istədiyiniz əsas mesaj nədir?
- Sağlamlıq ən dəyərli sərvətimizdir və ona hər zaman qayğı göstərilməlidir. Müayinəni gecikdirmək sadəcə problemin böyüməsinə səbəb olur. Sağlığınızı vaxtında, eyni zamanda peşəkarlara əmanət edin.




















