ABŞ Prezidenti Donald Tramp İranda davam edən etirazlar fonunda mümkün hərbi variantları müzakirə etmək üçün Ağ Evin yüksək vəzifəli rəsmiləri ilə görüşüb.
Medialive xəbər verir ki, Tramp bu barədə Truth hesabında paylaşım edib.
O, İran rəsmiləri ilə bütün danışıqları dayandırdığını bildirərək, Tehrana qarşı sərt mövqe sərgiləyəcəklərini və etirazçılara dəstək verə biləcəklərini qeyd edib.
Məlumata görə, Milli Təhlükəsizlik Şurası Tramp üçün hərbi, iqtisadi təzyiq, kiberhücumlar və etiraz hərəkatına dəstək daxil olmaqla müxtəlif ssenarilər hazırlayıb. Lakin Trampın bəzi müttəfiqləri və keçmiş rəsmilər mümkün hərbi müdaxilənin riskləri, regionda xaos və ABŞ-nin “Amerika Birinci” siyasətindən uzaqlaşma təhlükəsi barədə xəbərdarlıq ediblər.
Ağ Evə yaxın mənbələr bildirir ki, Tramp özəl söhbətlərdə hərbi zərbələrə qarşı daha tərəddüdlü mövqe sərgiləyir. Eyni zamanda, ABŞ administrasiyası İranla işgüzar əlaqələri olan ölkələrə qarşı əlavə iqtisadi sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Xatırladaq ki, İranda üç həftəyə yaxındır davam edən etirazlar zamanı 2 mindən çox insan ölüb.




















