“ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya nəzarətlə bağlı açıqlamaları NATO daxilində qeyri-müəyyənlik yaradır”.
Medialive xəbər verir ki, bu sözləri İsveçin müdafiə naziri Pol Conson deyib.
“Əlbəttə ki, Tramp administrasiyasının Qrenlandiya ilə bağlı hərəkətlərindən təsirlənirik və bu da NATO ittifaqı daxilində qeyri-müəyyənlik yaradır”, – deyə Conson SVT televiziyasına müsahibəsində deyib.
Nazir ABŞ-nin xarici siyasətdəki sərt ritorikasını qeyd edib və mövcud təhlükəsizlik vəziyyətini qeyri-müəyyən adlandırıb.
Conson həmçinin Qrenlandiyanın gələcəyinin yalnız Qrenlandiyalılar və Danimarkalıların məsələsi olduğunu, başqa heç bir ölkənin məsələsi olmadığını vurğulayıb.
Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib. İlk səlahiyyət müddəti ərzində o, Qrenlandiyanı almağı təklif etmiş və 2025-ci ilin mart ayında onun ilhaq edilə biləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Ağ Evin rəhbərinin müavini Stiven Miller Danimarkanın adaya nəzarət etmək hüququnu şübhə altına almış və onun ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bildirmişdi.
Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen Qrenlandiya Müdafiə Müqaviləsini imzalayıblar.




















