Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasında növbəti uğuruna imza atıb.
Medialive.az xəbər verir ki, III təsnifat mərhələsində Bolqarıstanın “Maritsa” klubunun qonağı olan Azərbaycan çempionu 3:0 (25:22, 25:22, 25:20) hesabı ilə qalib gəlib.
Komandanın Avropa arenasında qazandığı uğurlar fonunda isə klub daxilində baş məşqçi Ziya Rəcəbovun əməyinin qiymətləndirilməsi məsələsi müzakirə mövzusuna çevrilib.
İddialara görə, “Turan” klubunun rəhbərliyində təmsil olunan Həsən Həsənovun mövqeyi nəticəsində baş məşqçi Ziya Rəcəbova gözləniləndən xeyli aşağı, simvolik məbləğdə mükafat təqdim olunub. Bu iddialar klub rəhbərliyinin məşqçinin əməyinə verdiyi qiymətlə bağlı suallar yaradıb.
Bəs Həsən Həsənovun belə bir qərara hansı əsasla razılıq verdiyi iddia olunur? Komandanı Avropanın nüfuzlu turnirində uğurla təmsil edən, məsuliyyətli qarşılaşmalara hazırlayan baş məşqçinin əməyinin qarşılığı niyə lazımi səviyyədə qiymətləndirilmir?
Unutmaq olmaz ki, idmanda qazanılan uğurlar yalnız meydançadakı mübarizənin nəticəsi deyil. Bu qələbələrin arxasında baş məşqçinin peşəkarlığı, əzmkarlığı və böyük zəhməti dayanır.
Avropa arenasında qələbə qazanan “Turan”ın baş məşqçisinin öz klubunda əməyinə uyğun qiymət almadığı barədə iddialar ciddi araşdırılmalı və klub rəhbərliyi bu məsələyə aydınlıq gətirməlidir.
