30 aprel — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasının 27-ci ildönümüdür. Bu münasibətlə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə QHT.az-a açıqlamasında XTQ-nin keçdiyi inkişaf yolundan, döyüş təcrübəsindən və qazandığı nüfuzdan bəhs edib.
“XTQ yarandığı gündən peşəkarlığını artıraraq xüsusi hazırlıq yolu keçib və tədricən ən yüksək səviyyəyə yüksəlib”.
O qeyd edib ki, xüsusi təyinatlılar ilk ciddi gücünü 2016-cı ilin aprel döyüşlərində qismən nümayiş etdirib, lakin əsas potensialını İkinci Qarabağ müharibəsi zamanı ortaya qoyub:
“44 günlük Vətən müharibəsində yerinə yetirilən döyüş tapşırıqları, göstərilən şücaət və peşəkarlıq həm xalqımızın, həm də Ali Baş Komandanın etimadını ən yüksək səviyyədə doğrultdu”.
Onun sözlərinə görə, xüsusi təyinatlıların həyata keçirdiyi əməliyyatlar müasir döyüş taktikalarının real nümunəsinə çevrilib:
“XTQ yaşayış məntəqələrində mülki əhaliyə zərər vermədən, qanunsuz silahlı birləşmələri zərərsizləşdirməklə ədalətli müharibənin necə aparıldığını nümayiş etdirdi”.
Bəhruz Məmmədzadə vurğulayıb ki, bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin döyüş təcrübəsi beynəlxalq səviyyədə öyrənilir:
“Dünyanın inkişaf etmiş ölkələri XTQ-nin keçdiyi döyüş yolunu araşdırır, bu təcrübəni öz ordularında tətbiq etməyə çalışırlar”.
Müharibədən sonra XTQ həm texniki təchizat, həm də peşəkarlıq baxımından daha da inkişaf edərək ən yüksək səviyyəyə çatıb:
“Bu gün xüsusi təyinatlılar dünyanın aparıcı ordularının xüsusi qüvvələri ilə eyni səviyyədə, hətta bəzi hallarda daha irəlidədir”.
Qazi hərbçi həmçinin qeyd edib ki, xüsusi təyinatlı olmaq yalnız xidmət dövrü ilə məhdudlaşmır:
“Bu bir missiyadır. Hətta xidmətdən ayrıldıqdan sonra belə xüsusi təyinatlı ruhu və məsuliyyəti insanın həyatında davam edir. ‘Sədaqətim, şərəfim’ şüarı bizim əsas həyat prinsipimizdir”.
Sonda Bəhruz Məmmədzadə XTQ-nin bütün şəxsi heyətini, qaziləri və şəhid ailələrini təbrik edərək bildirib:
“Bu şanlı tarix vətənə sədaqətin, qorxmazlığın və sarsılmaz iradənin təntənəsidir. Sizlər Azərbaycanın təhlükəsizliyinin etibarlı sipəri, xalqımızın qürur mənbəyisiniz. Vətən sizə güvənir, xalq sizinlə fəxr edir”.




















