Almaniyada 1842-ci ildən fəaliyyət göstərən tarixi tökmə zavodu simvolik olaraq 1 avroya satışa çıxarılıb.
Medialive.az Türkiyə mediasına istinadən xəbər verir ki, binanı alan şəxs tarixi məkanı bərpa etməli və qorumalıdır.
Bölgədə dəmir filizi yataqlarının kəşfindən sonra qurulan fabrik uzun müddət ölkə sənayesinin inkişafında mühüm rol oynayıb. Bir vaxtlar 1500-dən çox işçinin işlədiyi müəssisə küçə lampaları, spiral pilləkənlər, vannalar və dekorativ konstruksiyalar istehsal edərək, 19-cu əsrin sonlarında onları Almaniyaya, eləcə də Yaponiya, Misir və Argentina kimi ölkələrə ixrac edib.
Şərqi Almaniyanın (ADR) süqutundan sonra fabrik istehsal fəaliyyətini dayandırıb. İllər keçdikcə istifadə olunmayan obyekt yararsız hala düşüb.
Auksionda iştirak etmək istəyən investorlar müraciətlərini sentyabrın 30-dək tamamlamalıdırlar.
