Sabiq baş nazir Petr Fialanın rəhbərlik etdiyi öncəki Çexiya hökuməti Ukraynaya gizli şəkildə 17 milyard çex kronu dəyərində silah tədarük edib.
Medialive xəbər verir ki, bu barədə Çexiyanın hazırkı baş naziri Andrey Babiş bildirib.
Babiş vurğulayıb ki, Praqa artıq Kiyevə silah üçün vəsait ayırmayacaq, lakin maraqlı xarici tərəfdaşlar üçün Ukraynaya hərbi yardım üzrə Avropa təşəbbüsünü əlaqələndirməyə davam edəcək.
Fiala da öz növbəsində bu məlumatın açıqlanmasını tənqid edərək, bunun Ukraynaya hərbi yardımda iştirak edən insanların və şirkətlərin təhlükəsizliyini təhlükəyə atdığını iddia edib.
Bundan öncə son parlament seçkilərində qalib gələn ANO siyasi hərəkatına rəhbərlik edən Babiş seçicilərinə mərmi təşəbbüsünü ləğv edəcəklərinə söz verib.
Bu gün Parisdə könüllü ölkələrin koalisiyasının liderləri ilə danışıqlardan sonra Babiş bu yanaşmanı yenidən nəzərdən keçirib və layihənin respublikanın maliyyə iştirakı olmadan saxlanılmasını müdafiə edib.
Qeyd edək ki, Çexiya Prezidenti Petr Pavel Ukraynaya sursat tədarükü təşəbbüsünü dəstəkləyir.




















