Azərbaycan hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, 70-ə yaxın ölkə ilə vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəliş rejimini tətbiq edir. Azərbayacanın XİN naziri Ceyhun Bayramov “Keçən ilin yekunlarına dair” brifinqində qeyd etmişdi ki, 2026-cı il üçün təxminən 5 ölkə ilə viza rejimin ləğvi gözlənilir.
Ümumilikdə, hansı ölkələr ilə viza rejimi ləğv edilə bilər?
Məsələ ilə bağlı deputat Aydın Mirzəzadə Ajans.az-a açıqlama verib.
Deputat bildirib ki, vizasız rejim praktikası dünya təcrübəsində geniş yayılıb. Ölkələr arasında gediş-gəlişin asanlaşdırılması, qarşılıqlı yaxınlaşma, təcrübələrin toplanması və s. proseslər burada cəmlənir. Həmçinin, ticarət, iqtisadi əlaqələrin artırılmasına xidmət edir.
Azərbaycan da bu prosesdən kənar qalmır. İl keçdikcə, bizimlə vizasız gediş-gəlişə maraqlı olan ölkələrin sayı artır. Biz də bu məsələdə müvafiq addımları atırıq.

Aydın Mirzəzadə deyib ki, viza fərqli mədəniyyətlərin birləşməsinə şərait yaradır. Vizasız rejim Azərbaycan üçün yeni, mötəbər layihələrin yaradılmasında önəmli rol oynayır.
“ Avropa ölkələrinin bir çoxu Avropa birliyinə üzvdür. Hətta orada Şengen viza sistemi bərqərardır. Birliyə daxil olan ölkə ayrıca digər ölkə ilə vizasız rejim tətbiq edə bilməz. Mütləqdir ki, ora daxil olan ölkələrin hər biri razılıq versin. Lakin Avropa Birliyinin Azərbaycanla birgə tətbiq etmək istədiyi planlar var.” deyə, deputat açıqlayıb.
Millət vəkili söyləyib ki, 2026-cı il üçün dəqiq hansı ölkələr ilə vizanın ləğv edilməsini demək çətindir. Ancaq bu proses təkcə, bu ilə aid olmayacaq. İldən-ilə belə ölkələrin sayında artım gözləniləndir.




















